“TamStore” supermarketlər şəbəkəsindən narazılıqlar və şikayətlər artmaqda davam edir.
Tribuna.az xəbər verir ki, yaxın günlərdə “TamStore” marketlər şəbəkəsi “2-ci məhsul pulsuz” kampaniyası elan edib. Lakin müştərilər bildirir ki, market bu kampaniyanı ancaq müştəri cəlb etmək üçün edib.
Bununla bağlı sosial şəbəkələrdə videolar paylaşan müştərilər bildiriblər ki, marketə üz tutanlara bu kampaniya şamil edilməyib.
Müştərilərin paylaşdıqları videolardan məlum olub ki, tələbatın çox olduğu heç bir məhsul kampaniyaya düşməyib. Marketlərə axın edən müştərilər məyus olub, saatlarla marketi gəzsə də, endirimli, “2-ci məhsul pulsuz” heç nə tapa bilməyiblər.
Marketdə çox az sayda və çeşiddə məhsul endirimə düşüb. Endirimə düşənlər isə ya vaxtı keçmiş məhsullar olub, ya da istifadə müddətinin keçməsinə az qalmış məhsullar.
Sosial şəbəkədə video paylaşan digər şikayətçi də bildirib ki, “2-ci məhsul pulsuz” kampaniyasında aldığı meyvə şirəsi xarab çıxıb. Meyvə şirəsinin içi tamamilə kiflənmiş olub.
Marketin belə məhsulları endirimə qoyması da ayrıca narazılıq doğurub.
“TamStore” marketlər şəbəkəsinin rəhbərliyi bu narazılıqla bağlı hələlik heç bir açıqlama yaymayıb.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul









