“Azərbaycanda ərzaq məhsullarının qiymətinin sürətlə artması təəssüf ki, davam edəcək”. Bunu ölkədəki qiymət artımına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli TİA.Az-a deyib. Onun sözlərinə görə, prosesi tənzimləmək üçün hökumətin əlində alətlər var: “Azərbaycan özü-özünü ərzaq məhsulları ilə təmin etməkdə yetərli deyil. Məcburən, xaricdən asılı vəziyyətdəyik. Əsasən də buğda və un məhsullarında. Buna görə də dünyada artan qiymətlər Azərbaycana da təsir edir.
Amma hökümətin əlində çox vacib alətlər var ki, o alətlərdən istifadə edərək qiymət artımının heç olmasa qarşısını ala bilər. Bunlardan ən effektiv təsir edə biləcək alət vergi və rüsumlardır”. N.Cəfərli deyir ki, bu gün Azərbaycan əhalisinin 80 %-ə yaxını şəbəkə marketlərindən alış-veriş edir: “Şəbəkə marketləri isə ƏDV ödəyicisidir. İstər-istəməz əhali alış-veriş edərkən 18% ƏDV ödəmək məcburiyyətində qalır. Buna görə də biz təklif etmişik ki, ƏDV 18 %-dən 2%-ə salınsın. Bu, ərzaq məhsullarının qiymətinin artmasının qarşısının alınmasında ciddi faktora çevrilə bilər”.
Aytac
TİA.Az










