“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının mənzillərdə qaz xətlərini yoxlaması və abonentlərdən nöqsanların aradan qaldırılmasını tələb etməsi narazılığa səbəb olub.
Tribuna.az xəbər verir ki, bu barədə Ayaz Səmədzadə sosial şəbəkə hesabında paylaşım edib.
O iddia edir ki, “Azəriqaz” əməkdaşları mənzilləri bir-bir gəzərək qaz çəkilişində müxtəlif nöqsanlar aşkarladıqlarını bildirirlər.
Abonentlərə qaz xətlərini yenidən çəkmək, usta tapmaq və mövcud vəziyyəti qanuniləşdirmək tövsiyə olunur. Bəzi hallarda isə sayğacların bloklanacağı deyilir.
Paylaşım müəllifinin sözlərinə görə, boruların yuxarıdan və ya aşağıdan çəkilməsindən asılı olmayaraq, əməkdaşlar hər iki halda nöqsan tapırlar.
Ayaz Səmədzadə bildirir ki, gün ərzində minlərlə insan sayğacların açılması üçün “ASAN Kommunal”da növbəyə dayanır. Halbuki həmin abonentlərin evlərinə baxış keçirilib və qaz xətləri ilə bağlı rəy verilib.
O, bu qədər insanın qısa müddətdə evindəki nöqsanları aradan qaldırmasının real olmadığını vurğulayaraq, ölkədə bu həcmdə işi görə biləcək usta və servis xidmətlərinin də olmadığını qeyd edib.
Paylaşım müəllifi hesab edir ki, bütün bunların arxasında abonentlərdən pul almaq məqsədi dayanır.
Səsləndirilən iddialar ciddi suallar doğurur: “Azəriqaz” əməkdaşları mənzillərdə hansı meyarlarla nöqsan müəyyən edirlər?
Sayğacların bloklanması hansı əsaslarla həyata keçirilir?
“Azəriqaz”ın məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul










