“Azərbaycan Asiya İnkişaf Bankı və Avropa İttifaqı ilə əməkdaşlıq edərək, Orta Dəhlizdə və Tramp marşrutunda öz rolunu gücləndirmək üçün əsas strategiya kimi “quru limanların” inkişafını gündəmə gətirib”.
Tribuna.az xəbər verir ki, bu fikirlər “Tasnim” Agentliyinin dərc etdiyi məqalədəndir.
Orada deyilir ki, Azərbaycan dəhlizə aid proseslərin əsas benefisiarı kimi öz donanmasını, dəmir yollarını və liman infrastrukturunu fəal şəkildə modernləşdirir, həmçinin yeni logistik alətlərə yiyələnir. “Xüsusilə, ölkədə “quru limanların” inkişafı perspektivli addım kimi qiymətləndirilir – dəniz limanlarından kənarda yerləşən və avtomobil və dəmir yolu nəqliyyatından istifadə etməklə dəniz konteynerlərinin emalı və saxlanması üçün nəzərdə tutulmuş multimodal terminallar”.
Agentlik qeyd edir ki, Azərbaycanın nöqteyi-nəzərindən Naxçıvanda quru limanın yaradılması Orta Dəhliz sistemində yük axınlarının genişləndirilməsi və logistik əməliyyatların sadələşdirilməsi üçün əsas şərtə çevriləcək. “Bu quru liman Xəzər regionunun Aralıq dənizinə və potensial olaraq Culfa dəmir yolu qovşağı vasitəsilə Fars körfəzinə qoşulmasını optimallaşdırmaq üçün beynəlxalq rəqəmsal logistika mərkəzi rolunu oynayacaq”.
Fərda Uğur









