Yasamal rayonunda böyük bir ərazidə kompleks binalar inşa edən “Avant” tikinti şirkəti ətrafdakı sakinlərin gününü cəhənnəmə çevirib.
Tribuna.az xəbər verir ki, bu barədə şikayətini ictimailəşdirən jurnalist, İTV-nin aparıcısı Nigar Sabirqızı bildirib ki, sözügedən tikinti şirkətinin əlindən nə gecələri var, nə gündüzləri:
“Saat 00.30 və siz bu saatda “Avant”ın apardığı tikintiyə baxın. Bəs gecə saat 00.00-dan sonra səs etmək qadağan deyildi?
Bu saatda fəhlələrin işlədilməsi qanunidir? Əvvəl deyirdilər ki, yük avtomobilləri şəhərə gecə saatlarında buraxılır, ona görə gecə işləməyə məcburuq.
Bəs bu işin adı nədir?
Mərtəbələri sürətlə yüksəltnək üçün gecə də işləmək və bizi narahat etmək?
“Avant”ın rəhbəri öz yerində rahat yatsın, biz isə bu səs-küyə dözək?”.
Qeyd edək ki, “Avant” MTK-nın Yasamal rayonunda hazırda tikinti işləri apardığı ərazidə yaşıllıqları da məhv edib. Bununla bağlı da sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət edib. Lakin sözügedən MTK-nın nə gecə iş aparmasının, nə ətrafa toz-torpaq səpməsinin, nə də yaşıllıqları məhv etməsinin qarşısı alınmır.
Xatırladaq ki, “Avant Group” MTK-nın qanuni təmsilçisi və direktoru Cəmşid İbrahimov Əhməd oğludur. Şirkətin nizamnamə kapitalı 1 000 100 manat təşkil edir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul









