“Arzum” ləqəbli tiktokerin məhkəmə işi: Yeni detallar üzə çıxdı

“Arzum” ləqəbli tiktokerin məhkəmə işi: Yeni detallar üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ildə baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə görə ötən ay 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilən “Arzum” ləqəbli tiktoker İlduzə Hacıyevanın iştirakı ilə baş vermiş qəza ilə bağlı ekspertiza rəylərinin detalları məlum olub.

Tribuna.az xəbər verir ki, bu barədə Xitab24 məhkəmə materiallarında yer alan ekspertiza rəylərinə istinadən məlumat yayıb.

Bildirilib ki, qəza gecə saat 00:53 radələrində baş verib. Ekspertiza rəyinə əsasən, hadisə zamanı ağır xəsarətlər alan Amal Məlikov saat 03:00-da, yəni qəzadan 2 saat 7 dəqiqə sonra vəfat edib. Onun ölümünə yol-nəqliyyat hadisəsi nəticəsində aldığı ağır kəllə-beyin travmaları və beyin qansızmaları səbəb olub.

Məlumata görə, qəzadan 41 dəqiqə sonra “Arzum” ləqəbli tiktoker İlduzə Hacıyeva xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım aldıqdan sonra isə oranı tərk edərək hava limanına yollanıb və ölkədən çıxıb.

İlduzə Hacıyeva ifadəsində Amal Məlikovun idarə etdiyi “Mercedes” markalı avtomobilin onun idarə etdiyi “Changan” markalı avtomobilə toxunmadığını iddia etsə də, ekspertiza bu versiyanı təsdiqləməyib.

Aparılan araşdırmalar zamanı hər iki avtomobildən götürülən lak-boya nümunələrinin uyğun gəldiyi müəyyən olunub. Bundan başqa, iş materiallarında olan videogörüntülər də avtomobillərin toqquşmadan sonra istiqamətlərini dəyişdiyini göstərib.

Ekspertiza həmçinin müəyyən edib ki, dönmə əməliyyatı zamanı İlduzə Hacıyevanın avtomobili ilə Amal Məlikovun avtomobili arasında 29 metr məsafə olub. Həmin an “Mercedes”in sürəti təxminən 100 km/saat təşkil edib.
Rəyə əsasən, sürücü təhlükəni görməsinə baxmayaraq, idarə etdiyi avtomobili tam dayandırmayıb və qarşı tərəfin keçməsini gözləmədən dönmə manevrini davam etdirib.

Məhkəmə materiallarında qəza nəticəsində Amal Məlikovun həyat yoldaşı Sənubər Muradovanın eşitmə qabiliyyətini itirdiyi də qeyd olunub. O, müalicə, dərman xərcləri, eləcə də koxlear implant əməliyyatı və eşitmə cihazları üçün ümumilikdə 100 min manatdan artıq məbləğin ödənilməsi tələbi ilə mülki iddia qaldırsa da, təqdim olunan sübutların kifayət etmədiyi əsas gətirilərək iddia baxılmamış saxlanılıb.

Məhkəmə Sənubər Muradovaya bu tələblə mülki icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququnun izah edilməsinə qərar verib.

Gülşən Rəsul