İslamdan Xətayiyə, Xətayidən bayrağa: Ardıcıllıq təsadüfdürmü? – Milli simvollara hücum

İslamdan Xətayiyə, Xətayidən bayrağa: Ardıcıllıq təsadüfdürmü? – Milli simvollara hücum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tolerantlıq heç də milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və cəmiyyətin kimliyini müəyyən edən əsas sütunların tapdalanması anlamına gəlməməli və cəmiyyəti öz kimliyindən, tarixi köklərindən qoparmamalıdır.
Son illərdə Azərbaycan cəmiyyətində üç istiqamətdə diqqətçəkən proses müşahidə olunur. Bu proseslərin yalnız daxili dinamika ilə izah edilməsi qətiyyən doğru deyil. Burada həm daxili, həm də xarici amillərin, müxtəlif xarici ideoloji təsirlərin rolu mütləq var və bu, təhlil edilməlidir.
Azərbaycan cəmiyyəti XXI əsrin çağırışlarına cavab vermək, gələcəyin iqtisadi, texnoloji, geosiyasi və sosial modelini qurmaq əvəzinə, 100-200-500 il əvvəl mövcud olmuş mübahisələrin yenidən gündəmə gətirilməsi ilə məşğul edilir. Şəksiz, əsas hədəf cəmiyyətin diqqətinin fundamental məsələlərdən yayındırılmasıdır. Cəmiyyət üçün strateji əhəmiyyət daşımayan xırda və onuncu dərəcəli məsələlər süni şəkildə əsas gündəmə çevrilir. Halbuki, cəmiyyətə istiqamət, məqsəd və gələcəyə dair aydın təsəvvür verilməlidir.
Tarixi sənədlərlə tanış oluram və görürəm ki, bizim xalqın nümayəndələri 100-150 il bundan əvvəl də bir-birilərini casusluqda, agentlikdə, “suka”lıqda ittiham ediblər. Bir-birilərinin üzünə durub həyatlarını, ailələrini faciə il üz-üzə qoyublar. Və bu adamların hamısı təhsilli, fəal insanlar olublar. İndi onların heç biri yoxdur.
Amma…
Necə olur ki, 70-80 il bundan öncə Azərbaycan xalqına divan tutan, Əhməd Cavadı, Bəkir Çobanzadəni, Mikayıl Müşviqi, Hüseyn Cavidi məşəqqətlə qətlə yetirən repressiya cəlladları olan azərbaycanlı müstəntiqlərin, generalların, məmurların kimlikləri müzakirəyə çıxarılmır, onların ailə üzvlərinin bu gün harada yaşadıqları, hansı vəzifə daşıdıqları müzakirə edilmir, amma 502 il əvvəl dünyasını dəyişən Şah İsmayıl Xətayi müzakirə olunur?
Necə olur ki, Azərbaycan Xalq Cumhuriyyətini bolşeviklərə təhvil verən şəxslər, onların bu gün mühüm postlarda oturan ailə üzvləri araşdırılmır, amma Şah İsmayıl Xətayinin anasının, atasının kimliyi araşdırılır?
Qarşısına bu cür çiy, təhlükəli mövzular qoyulan cəmiyyət inkişa edə bilərmi?!
Yuxarıda qeyd etdiyim 3 istiqamətə diqqət edək:
Dini kimliyin aşındırılması
Azərbaycanın bayrağındakı rənglərdən biri İslam sivilizasiyasına mənsubluğumuzu özündə ehtiva edir. Bu rəmzlər ilk dəfə Əli bəy Hüseynzadənin formullaşdırdığı və Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsası olan “Türk qanlı, İslam imanlı, Avropa qiyafəli” (Türkçülük, İslamçılıq, Müasirlik) düsturuna əsaslanır. Baxın, Ə.Hüseynzadə “qiyafəli” (zahiri görünüş) deyir, “qafalı” demir. Bəs necə olur ki, Ə.Hüseynzadəni, M.Ə.Rəsulzadəni sevib tərifləyirsən, amma İslamı təhqir edə bilirsən? O İslamı ki, dövlət atributunda qərarlaşıb. Axı İslamdan möhkəm yapışmağı sənə bu adamlar məsləhət görüb. Biz dövlət atributlarını hədəf alacaq, müzakirə edəcək səviyyəyə nə zaman gəlib çatmışıq? Bu cəsarətin mənbəyi nədir? Sən hələ də övladını universitetə rüşvətlə qoyursansa, buna İslam nə etsin? Sən öz hamilə arvadının fotosunu Facebookda paylaşırsansa, buna Məhəmməd peyğəmbər nə etsin? İnək poxuna inanan Hindistan nüvə ölkəsinə çevrilibsə, ziyarətgahlara, pirlərə gedənlər inkişafa necə mane ola bilər? Bəlkə başqa səbəb axtarmağa ləyaqətiniz çatmır…
Tarixi yaddaşın hədəf alınması
Tarixi şəxsiyyətlərə münasibətdə radikal, nifrət aşılayan yanaşmalar meydana çıxır. Xüsusilə, Şah İsmayıl Xətayinin hədəfə gətirilməsi təsadüf sayıla bilməz. Necə olur ki, Milli Məclisin ictimai birlikdən və dini qurumlar komitəsinin sədri Fazil Qəzənfəroğlu sırf məzhəbçi mövqeyinə Azərbaycan mədəniyyətinin, tarixinin zirvəsində dayanan bir şəxsi təhqir edir, amma ona “dur” deyən yoxdur? Bu adam məzhəbçi fəaliyyətlə məşğul olacaqdısa, belə bir komitəyə niyə sədr təyin edilib? Həyasızlığın miqysasına baxın, guya Qəzənfəroğlunun dediklərinin hüquqi məsuliyyət yaradıb-yaratmadığını öyrənmək üçün cəhd ediblər. Kimə zəng vurublar? Qəzənfəroğlunun əqidəd(b)aşı deputat Nəsib Məhəmməliyevə! O da deyib ki, Qəzənfəroğlu düz deyir. Yəni, inzitam-nizam-zad yoxdur, basın getsin, tarix, simvol, din, kimə söyürsünüzsə, söyün. Qəzənfəroğlu ona züy tutanlardan fərqli olaraq, niyə belə bir yolda olduğunu yaxşı bilir. Bu məsələdə deputata ən yaxşı dərsi xalq verdi, onu tapdalayıb kəfənlədilər. Əgər vaxtilə Naxçıvanda fəaliyyət göstərən “Ukrayna” otelinin tarixini araşdırmağa cəsarətim çatmırsa, 5 əsr əvvəlki hökmdarın atasını araşdırmağıma sövq edən sistemli “iradə”nin səbəbi nə ola bilərdi? Şübhəsiz ki, tənqidi yanaşma ilə tarixi yaddaşı gözdən salmaq arasında ciddi fərq var.
Milli simvollara hücum
Üçüncü və daha həssas məsələ isə milli simvollarla bağlı müzakirələrin hansı istiqamətə gedə biləcəyidir. Məsələn, mən artıq qətiyyən şübhə etmirəm ki, yaxın gələcəkdə üçrəngli bayrağın dəyişdirilməsi məsələsi də süni şəkildə gündəmə gətirilə bilər. Əsl həngamə bundan sonra başlayacaq. Bütün bunlar kimə və nə üçün lazımdır… Məsələ hansısa şəxsi, milli simvolu, dini və ya ideoloji mövqeni müdafiə etməkdən ibarət deyil. Əsas məsələ cəmiyyətin öz kimliyinə münasibətinin dəyişdirilməsidir.
Azərbaycan cəmiyyətinin qarşısında kifayət qədər böyük və real hədəflər var: iqtisadi inkişaf, sosial vəziyyətin düzəldilməsi, texnoloji modernləşmə, insan kapitalının gücləndirilməsi, dövlət institutlarının inkişafı, regional liderliyin qorunması və s. İctimai enerjini bu hədəflərə yönəltmək əvəzinə, cəmiyyəti daim keçmişin mübahisələri ilə məşğul etmək strateji baxımdan faydalı deyil. Cəmiyyətin öz köklərinə, tarixi yaddaşına və kimliyinə münasibətinin dəyişdirilməsi prosesi heç zaman strateji hədəf ola bilməz və olmamalıdır.
Müəllif: Samir Feyruzov