Mövsümü olmasa da, bazar və marketlərdə yay meyvələrinə rast gəlinir. Ancaq qiymətlər az qala minimum əmək haqqı qədərdir – alçanın kilosu 148 manat, gilasın kilosu isə 238 manata.
Maraqlıdır, bəs yayda qiymətlər necə olacaq? Bizi yayda bolluq və ucuzluq gözləyir, yoxsa…?
Mövzu ilə bağlı Tribuna.az-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, indi bazarda satılan yay meyvələrinin qiymətinin bu qədər yüksək olmasının müxtəlif səbəbləri var. Onun sözlərinə görə, bu meyvələr təbii yetişdirilmədiyi üçün bahadır:
“Bu meyvələr parnik şəraitində yetişdirilir və əlavə xərclər tələb edir. Biz artıq uzun illərdir qışda satılan alçanın fantastik qiymətə təklif edildiyini görürürk. Ancaq yayda bu belə olmur. Hətta 150 manat təklif edilən alçanı yayda 1 manata da almaq mümkündür.
Qarşıdakı aylarda bizi müəyyən qiymət artımı gözləyir. Yeni çıxan meyvələr bir qədər yüksək qiymətə təklif ediləcək. Çünki hava şəraiti qeyri-stabil keçdi və bu da əkin sahələrində məhsulun yetişdirilməsi, yığımına öz təsirini göstərdi. Bu da təbii ki, qiymətlərin qalxmasına səbəb ola bilər”.
İqtisadçı bildirib ki, yayın ortalarından qiymətlər müəyyən qədər enəcək:
“Yay məhsulun tez xarab olub sıradan çıxan fəslidir. Buna görə də kəndli də, satıcı da məhsulun zay olmaması üçün müəyyən müddət sonra qiymətdə endirim edir. Qiymət artımı adətən qıtlıq olanda, məhsul olmayanda olur. Ancaq hazırda bolluqdur və yayda bizi yüksək deyil, daha ucuz, daha münasib qiymətlər gözləyir”.
Nigar İxtiyarqızı










