Azərbaycan Dövlət Akademik Musiqili Teatrı rus yazıçısı Aleksey Tolstoyun əsəri əsasında səhnələşdirilən “Buratino” nağıl-tamaşasını mayın 30-da Sumqayıtda nümayiş etdirib.
Tribuna.az xəbər verir ki, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzində təqdim olunan şən əhval-ruhiyyəli, rəngarəng səhnə əsəri alqışlarla qarşılanıb.
Nümayişdən sonra balacalar nağıl qəhrəmanları ilə xatirə şəkilləri çəkdiriblər.
Tamaşanın rejissoru və musiqi tərtibatçısı Elməddin Dadaşov, tərcüməçisi Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlərdir.
Tamaşanın budəfəki nümayişində Zaur Əliyev (Buratino), Emin Zeynallı (Papa Karlo), Ofeliya Novruzqızı (Tülkü Alisa), Elnarə Nağdəliyeva (Artemon), Gülçöhrə Abdullayeva (Tartilla), Hüseyn Əlili (Pyero), Nərmin Əliyeva (Malvina və Cırcırama), Ruslan Mürsəlov (Pişik Bazilio), Cəbrayıl Cəbrayılov (Karabas-Barabas), Mehriban Rəcəbova (Qurbağa Bubi) və teatrın balet artistləri çıxış ediblər.
azertag.az



















