Bu ilin yanvarında İranda baş verən qətliamlardan sonra bəyanat verən ABŞ prezidenti Donald Tramp həmin vaxt bildirmişdi ki, “kömək yoldadır”.
Tribuna.az xəbər verir ki, İranla müharibə başladıqada isə Tramp həmçinin qeyd etmişdi ki, insanlar aksiyalara başlamaq üçün hələ təsəlməsinlər.
Lakin müharibə bitdikdən sonra Ağ Evin ritorikası dəyişməyə başlayıb. Belə ki, ABŞ-nin müharibə naziri Pit Heqset bildirib ki, İranda rejimin dəyişdirilməsi məsələsi xalqın qərarından asılıdır. “İran rejimi öz vətəndaşlarına qarşı zorakılıq edir, lakin rejim dəyişikliyi yalnız İran xalqının öz qərarından asılıdır. İran xalqının bu vəziyyətdən çıxış yolu tapması onun üzərinə düşən məsuliyyətdir və bu tarixi fürsətdən istifadə etmək onun qərarından asılı olacaq”.
Qeyd edək ki, ABŞ-ın “U” dönüşü etməsinin konkret səbəbləri bəlli deyil. Burada bir neçə məqamı diqqət mərkəzinə çəkmək olar. Birincisi, ABŞ İranın daxilində siyasi prosesləri başlatmaq gücündə deyil. Belə ehtimal etmək olar ki, indiyə qədər görülən bütün işlərin nəticəsiz qalması Ağ Evi bu fikrə gətirib.
İkincisi, ABŞ İranla anlaşacağına böyük ümid bəsləyir. Və bu baş verərsə, əldə edəcəklərini hesablayaraq, rejim dəyişikliyinin ona sərf etmədiyi qənaətinə gələ bilər. Yəni, sabah neft və qaz məsələsində anlaşma əldə edilərsə, bu Vaşinqtonu qane edəcək.
Və nəhayət, üçüncüsü, ABŞ “siçan-pişik oyunu” oynayır. Belə ki, üzdə “biz qarışmırıq” deyərək, arxa planda prosesi başlatmaq üçün addımlar atır. Hələlik bu oyunun hər hansı konturu görünmür. Lakin siyasi proseslər başlayarsa, ABŞ birmənalı olaraq dəstək verməyə başlaya bilər.
Fərda Uğur









