ABŞ-də benzin və dizel yanacağının pərakəndə satış qiymətləri İranla müharibə fonunda kəskin artıb. Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar neft və yanacaq ixracını məhdudlaşdırdığı üçün bazarda ciddi gərginlik yaranıb.
Tribuna.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, bu həftə yanacaq qiymətləri 10%-dən çox bahalaşıb. Neftin qiyməti isə bir barel üçün 90 dollara çataraq son illərin ən yüksək səviyyəsinə yüksəlib. Bu vəziyyət onsuz da inflyasiyadan əziyyət çəkən amerikalı istehlakçıların vəziyyətini daha da ağırlaşdırıb.
ABŞ Avtomobil Assosiasiyasının məlumatına əsasən, martın 6-na olan vəziyyətə görə ölkədə adi benzinin orta qiyməti bir qallon üçün 3,32 dollar təşkil edib. Bu isə bir həftə əvvəlki göstəricidən 11% çoxdur və 2024-cü ilin sentyabrından bəri ən yüksək səviyyə sayılır.
Dizel yanacağının qiyməti isə bir qallon üçün 4,33 dollara yüksəlib ki, bu da bir həftə ərzində 15% artım deməkdir. Bu göstərici 2023-cü ilin noyabrından bəri maksimum səviyyə hesab olunur.
Yanacaq qiymətləri daha da arta bilər
Analitiklər hesab edir ki, neft qiymətləri artmaqda davam edərsə, yaxın günlərdə yanacaq daha da bahalaşa bilər.
GasBuddy şirkətinin analitiki Patrik De Haan bildirib ki, mövcud bazar şəraitində benzinin orta qiyməti yaxın günlərdə bir qallon üçün 3,50–3,70 dollaradək yüksələ bilər. Bunun əsas səbəbi neftin bahalaşması və tədarük zəncirindəki problemlərdir.
Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazı ətrafında yaranan gərginlik ABŞ neftinə xarici tələbatı artırıb. Bu isə ABŞ-dakı neft emalı zavodları üçün xammalın qiymətinin yüksəlməsinə səbəb olub.
OPIS-in baş neft analitiki Denton Çinkveqrana bildirib ki, ABŞ artıq Yaxın Şərq neftindən asılı olmasa da, Asiya və qismən Avropa neft emalı zavodları hələ də bu regiondan asılıdır. Buna görə də ABŞ neftinə ixrac tələbi artır və nəticədə qiymətlər də yüksəlir.
Mövsümi faktorlar da təsir edir
Mütəxəssislər qeyd edir ki, mövsümi faktorlar da qiymətlərə əlavə təzyiq yarada bilər. Adətən yaz aylarında benzinin qiyməti artır və yay mövsümündə pik həddə çatır. Bu isə yanacağa tələbatın artması və yay üçün xüsusi benzinin istehsalı ilə bağlıdır.
Eyni zamanda dizel yanacağının qlobal ehtiyatları da məhdud qalır. Bunun səbəbləri arasında uzun sürən qış səbəbindən istilik və elektrik enerjisinə tələbatın artması, eləcə də dünyada neft emalı güclərinin çatışmazlığı göstərilir.
Analitiklərin fikrincə, dizelin bahalaşması nəticədə bütün məhsulların qiymətinə təsir edə bilər. Çünki dizel əsasən yük daşımalarında, sənayedə, kənd təsərrüfatında və dəniz nəqliyyatında istifadə olunur.
Yanacaq bazarında son vəziyyət
Martın 2-də İran Hörmüz boğazını bağladığını elan edib. Həmin gün İranın İnqilab Keşikçiləri Korpusu boğazdan keçməyə çalışan bir neft tankerinə hücum edildiyini də bildirib.
Boğazın bağlanması qlobal enerji bazarında ciddi dalğalanmaya səbəb olub və neftlə yanaşı yanacaq qiymətləri də dünyanın müxtəlif ölkələrində artmağa başlayıb.
Yanacağın bahalaşması Ukraynaya da təsir edib. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, dövlət şirkəti “Ukrnafta” böhran dövründə qiymətlərin kəskin artmaması üçün minimal marja ilə işləyəcək.
Bundan başqa, Ukraynanın Antiinhisar Komitəsi benzinin və dizel yanacağının qiymətlərində qeyri-qanuni artım olub-olmadığını araşdırmaq üçün yanacaq bazarına nəzarəti gücləndirəcəyini açıqlayıb.
İmran Kərimli









