Son dövrlər tələbə qəbulu ərəfəsində 50-250 manat civarında təklif edilən “pullu ixtisas seçimi” xidmətləri gənclərin gələcəyi üzərində qurulan olduqca təhlükəli bir kommersiya mexanizminə çevrilib. Bu xidməti təklif edən şirkətlər və fərdlər əksər hallarda valideynlərə övladlarının seçiminə müdaxilə etməməyi, onları sərbəst buraxmağı şiddətlə məsləhət görürlər. İlk baxışdan müasir və düzgün yanaşma kimi görünən bu çağırışın arxasında əslində böyük bir ziddiyyət və kökündən yanlış bir addım dayanır. Çünki valideynin övladına təsirini qınayan bu mərkəzlər, özləri heç tanımadıqları, psixologiyasına və daxili dünyasına bələd olmadıqları minlərlə abituriyenti kütləvi şəkildə istədikləri kimi yönləndirirlər.
Tribuna.az xəbər verir ki, bu barədə danışan ekspert Vüqar Məmmədov bildirib ki, bu proses hər şeydən əvvəl abituriyentin taleyi ilə açıq-aşkar oynamaqdır:
“İxtisas seçimi sadəcə keçid ballarının və riyazi ehtimalların standart şablonlara uyğunlaşdırılması deyil; bu, gəncin bütün gələcək həyatını, karyerasını və cəmiyyətdəki yerini müəyyən edən ən mühüm qərarlardan biridir. Lakin bu xidmətlər gəncin şəxsi potensialını, fərdi bacarıqlarını və uzunmüddətli hədəflərini dərindən təhlil etmədən, yalnız “bal boşa getməsin” prinsipi ilə hərəkət edirlər.
Belə həlledici və həssas bir qərarı bir neçə dəqiqəlik ödənişli seanslara sığdırmaq, gənclərin gələcəyini düşünmədən onları sadəcə bir kommersiya alətinə çevirmək deməkdir.
Bu mexanizm abituriyentin öz həyatı haqqında məsuliyyətli qərar vermə qabiliyyətini və müstəqil iradəsini iflic edir. Valideyn diqtəsindən qorunmaq adı altında biznes maraqlarının qurbanına çevrilən gənclər, sonradan heç vaxt sevməyəcəkləri və onlara yad olan peşələrin yorucu yükünü daşımağa məhkum olurlar.
İxtisas seçimi vərəq üzərindəki rəqəmlərin mexaniki uyğunlaşdırılması deyil, gəncin özünüdərk prosesinin nəticəsi olmalıdır. Gənclərin taleyini gəlir mənbəyinə çevirən və onları tanımadıqları adamların iradəsinə tabe edən bu yanlış ənənə, onların aydın gələcəyinə vurulan ən böyük zərbələrdən biridir”.
Gülşən Rəsul









