Abituriyentlərə MÜJDƏ: Bu imtahanlar asanlaşa bilər

Abituriyentlərə MÜJDƏ: Bu imtahanlar asanlaşa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Hər il dövlət tərəfindən ali təhsil müəssisələri üçün plan yerləri ayrılır və Dövlət İmtahan Mərkəzi həmin yerlərə qəbul imtahanları vasitəsilə tələbə yerləşdirir. İmtahanların çətin olması isə abituriyentlərin nəticələrinin aşağı düşməsinə səbəb olur. Məsələn, ötən il ayrılmış 62 min plan yerinin təxminən 3 minə yaxını boş qalmışdı. Halbuki, keçən il suallar indiki qədər çətin hesab olunmurdu.

Bu sözləri Tribuna.az-a təhsil eksperti Ramin Nurəliyev qəbul yerləri ilə bağlı danışarkən deyib. Ekspert bildirib ki, boş qalan plan yerlərinə qəbul ola bilməyən gənclər alternativ olaraq xarici universitetlərə üz tuturlar:

“Bu il plan yerlərinin sayının təxminən 65 min olacağı gözlənilir. Qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçənlərin sayı isə 128-129 min nəfərdir. Belə olan halda, obyektiv seçim aparılması üçün minimum 70 min abituriyentin müsabiqə şərtlərini ödəməsi vacibdir.
Əgər imtahan sualları çətin olarsa, nəticələr aşağı düşəcək və müsabiqə şərtlərini ödəyənlərin sayı azalacaq. Bu isə ümumi qəbul prosesinə mənfi təsir göstərə bilər. DİM də bu reallığı nəzərə alır və adətən ilk blok imtahanının nəticələrini analiz etdikdən sonra ikinci blok imtahanında müəyyən tənzimləmələr edir.
Hesab edirəm ki, builki buraxılış imtahanlarının çətin keçməsi blok imtahanlarının daha asan salınmasına səbəb ola bilər. Əgər blok imtahanları da eyni səviyyədə çətin olsa, qəbul prosesində ciddi problemlər yarana bilər. Buna görə də ən azı ikinci blok imtahanında sualların asanlaşdırılması ehtimalı yüksəkdir”.

Ekspert əlavə edib ki, blok imtahanında müsabiqə şərtləri buraxılışdan daha sərtdir:

“Belə ki, bəzi ixtisaslara müraciət üçün minimum 50 və ya 100 bal tələbi qoyulur. 100 balı keçməyən abituriyentlər bir çox ixtisaslara müraciət edə bilmirlər. Hər il bu səbəbdən çox sayda gənc ali məktəbə qəbul ola bilmir. Xüsusilə 1-ci ixtisas qrupunda ötən illərdə 180-190 baldan aşağı nəticə ilə qəbul faktiki müşahidə olunmurdu.
Buraxılış imtahanlarının çətinliyi ilə yanaşı, blok imtahanının səviyyəsi də həlledici rol oynayacaq. Əgər blok imtahanı asanlaşdırılsa, vəziyyət dəyişə bilər. Bundan başqa, subbakalavr faktoru da nəzərə alınmalıdır. Abituriyentlər müsabiqə şərtlərini ödəmədikdə boş qalan yerlərə subbakalavrların qəbul imkanları artır. Bu isə bəzi ixtisaslarda illərlə şans əldə edə bilməyən subbakalavrlar üçün əlavə fürsət yaradır.
Ümumilikdə hesab edirəm ki, DİM vəziyyəti düzgün tənzimləyəcək və blok imtahanlarını ən azı ötən ildən daha çətin etməyəcək. Əgər ilk blok imtahanı keçənilki səviyyədə olsa belə, ikinci cəhddə sualların daha sadə salınması mümkündür”.

Nigar İxtiyarqızı