Rusiya və Ukrayna rəhbərliyi Rusiya qazının tranziti ilə bağlı sazişin uzadılması barədə razılığa gələ bilib. Danışıqlar Avstriya paytaxtında beş gün davam edib və beş illik müqavilə ilə başa çatıb.
Qaynarinfo xəbər verir ki, Rusiyanın transmilli enerji şirkətinin rəhbəri Aleksey Miller Vyanada Ukrayna tərəfi ilə beş illik qaz tranziti müqaviləsinin imzalanması ilə nəticələnən danışıqların başa çatması barədə jurnalistlərə məlumat verib.
“Vyanada ikitərəfli danışıqların nəticələrindən sonra… yekun razılaşmalar əldə edildi, tərəflərin maraq balansını bərpa edən bir sıra müqavilə və kontraktlar imzalandı… Bu razılaşmalar 31 dekabr 2019-cu ildən sonra Rusiya qazının Ukrayna üzərindən tranzitini təmin edəcək”, – Miller deyib.
İmzalanan sənədlərə əsasən, 5 il müddətinə 225 milyard kubmetr qazın istifadəsi planlaşdırılır. Bu həcmin 65 milyardı 2020-ci ildə “veriləcək”. Növbəti dörd ildə isə 40 milyarddan çox qazın nəqli planlaşdırılır.









