Azərbaycanda orta aylıq əmək haqqının qarşıdakı illərdə artacağı proqnozlaşdırılır. Maliyyə Nazirliyinin hesablamalarına əsasən, 2030-cu ildə ölkədə orta aylıq əmək haqqının 1 551,5 manata çatacağı gözlənilir.
Orta maaşla bağlı proqnozlar fonunda vətəndaşları daha çox minimum əmək haqqının gələcəkdə hansı səviyyəyə yüksələcəyi maraqlandırır. Hazırda Azərbaycanda minimum aylıq əmək haqqı 400 manat təşkil edir.
Minimum əmək haqqı sonuncu dəfə 2025-ci il yanvarın 1-dən artırılıb. Həmin tarixdən etibarən minimum əmək haqqı 55 manat yüksəldilərək 345 manatdan 400 manata çatdırılıb. Ötən müddət ərzində minimum əmək haqqının yenidən artırılması ilə bağlı müxtəlif gözləntilər səslənsə də, bununla bağlı hələlik yeni rəsmi qərar qəbul edilməyib.
Ümumilikdə, son illərdə Azərbaycanda minimum əmək haqqının mərhələli şəkildə artırıldığı müşahidə olunur. Belə ki, 2022-ci ildə minimum əmək haqqı 20 faiz artırılaraq 250 manatdan 300 manata yüksəldilib. 2023-cü il yanvarın 1-dən isə bu məbləğ daha 15 faiz artırılaraq 345 manata çatdırılıb.
2024-cü ildə minimum əmək haqqında dəyişiklik edilməyib və məbləğ 345 manat olaraq qalıb. 2025-ci ildən isə minimum əmək haqqı 400 manat müəyyən edilib.
Hazırda 400 manatlıq minimum əmək haqqı ölkə üzrə təxminən 700 min nəfəri əhatə edir. Onların 400 mininin dövlət, 300 mininin isə özəl sektorda çalışdığı bildirilir.
Beləliklə, orta aylıq əmək haqqının 2030-cu ilədək 1 551,5 manata çatacağı proqnozlaşdırılsa da, minimum əmək haqqının həmin dövrdə hansı səviyyədə olacağı hələlik məlum deyil. Bununla bağlı konkret rəqəm və ya artım qrafiki açıqlanmayıb.
Lakin yerli mediada bir sıra ekspertlərin proqnozlarına görə, minimum əmək haqqı məbləğinin 2030-cu ilə qədər 700 manata çatacağı gözlənilir.
Bəs həqiqətən də belə bir artım gözlənilirmi?
Tribuna.az xəbər verir ki, bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində bildirib ki, minimum əmək haqqının artırılması ilə bağlı məsələ hökumətin səlahiyyətindədir: “Qanunda qəbul edilir ki, hər il minimum əmək haqqına baxılmalıdır. Diqqət edin, artırılmalıdır yox, baxılmalıdır. Ehtiyac olsa, artırılacaq. Mən hesab edirəm ki, bu il minimum əmək haqqı 10-15 faiz artırılacaq. Ən yaxşı halda 460 manat olacaq. Gələn illərdə də inflyasiyaya uyğun bu məbləğ artırıla bilər”.
Ekspert minimum əmək haqqı məbləğinin 700 manat olacağı ilə bağlı proqnozlara inanmadığını deyib: “Mən güman etmirəm ki, minimum əmək haqqı 700 manat olacaq. Artım adi inflyasiyaya uyğun təqribən həyata keçiriləcək. Mənim təxminlərimə görə, qarşıdakı illərdə bu məbləğ 500-550 manat arasında olacaq, 590 manata qədər çatma ehtimalı var. Amma bundan çox olacağını güman etmirəm. Minimum əmək haqqının 700 manat olacağını deyənlərin nəyə əsaslandığını bilmirəm”.
“Digər tərəfdən, minimum əmək haqqının artırılması inflyasiyaya da təsir edən məsələdir. Fikirləşək ki, şirkət maaşı artıracaq, bunu məhsulun qiymətinə daxil edəcək. Minimum əmək haqqının çox qaldırılması işsizliyə də, gizli məşğulluğa da gətirib çıxara bilər. Ona görə də ehtiyatlı olmaq lazımdır. Hesab edirəm ki, kəskin artım olmayacaq, məbləğ yavaş-yavaş artacaq”, – deyə ekspert qeyd edib.









