Belə elektromobillər hərəkət zamanı akkumulyatoru dolduran kiçik mühərriklə təchiz olunur.
Tribuna.az unian.net-ə istinadən xəbər verir ki, avropalı avtomobil istehsalçıları elektromobillərə böyük məsafələr qət etməyə imkan verən yeni texnologiya üzərində işləyirlər. Bu texnologiya batareya ilə yanaşı kiçik benzin mühərrikindən istifadə etməklə avtomobillərin 1400 kilometrə qədər yol getməsini mümkün edir. Bu barədə Profit.ro yazır.
Qeyd olunur ki, yürüş ehtiyatı artırılmış elektromobillər (EREV) ənənəvi elektromobillərlə hibrid modellərin birləşməsidir. Yalnız benzin generatoru kimi işləyən kiçik daxili yanma mühərriki sayəsində bu avtomobillərin yürüş məsafəsi 1000 kilometrdən çox olur.
Məlumata görə, Volkswagen, Renault və BMW kimi Avropa istehsalçıları EREV texnologiyasını tətbiq etməyi nəzərdən keçirir. Bu avtomobillər hələ tam elektrik modellərə keçməyə hazır olmayan sürücülər üçün nəzərdə tutulur.
Jurnalistlər əlavə edir ki, bu tip avtomobillər artıq Çin istehsalçıları tərəfindən təklif olunur. Xüsusilə Leapmotor Avropada bir neçə EREV modelini satışa çıxarıb.
Bundan əlavə, Renault yaxın zamanda yalnız elektromobillər üçün nəzərdə tutulmuş yeni platformada orta sinif modellər istehsal edəcəyini açıqlayıb. Bu platforma:
tam elektrik versiyada 750 km
EREV versiyada isə 1400 km yürüş imkanı verəcək
“Biz hesab edirik ki, yürüş ehtiyatı artırılmış variant sayəsində 2030-cu ilə qədər müştərilərin 70%-ni elektromobillərə keçməyə inandıra biləcəyik”, – deyə Renault-un icraçı direktoru Fransua Prevo bildirib.
Stellantis şirkətinin icraçı direktoru Antonio Filosa da EREV avtomobillərini sənayedə yeni trend hesab edir. O qeyd edib ki, konsern artıq bu il:
Ram 1500 Ramcharger pikapını
Jeep Grand Wagoneer yolsuzluq avtomobilini uyğun modifikasiyalarda təqdim edəcək.
Məqalədə vurğulanır ki, yürüş məsafəsi ilə bağlı narahatlıqlar hələ də bir çox sürücünün elektromobillərə keçməməsinin əsas səbəblərindən biridir. Daha əvvəl Almaniyanın ADAC avtomobil klubu elektromobillərin real yürüş ehtiyatını test edib.
Testin ilk nəticəsi göstərib ki, sınaqdan keçirilən elektromobillərin heç biri 500 km məsafəni qət edə bilməyib. Halbuki bəzi modellər 600–700 km və daha çox yürüş vəd edir.
Bundan əvvəl TheStreet nəşri də məşhur elektromobillərin real yürüş ehtiyatını qiymətləndirib. Məsələn:
Chevrolet Silverado EV elan olunan 793 km məsafəni qət edə bilmir
Tesla Model S Long Range isə göstərilən 660 km əvəzinə təxminən 589 km yol gedir.
İmran Kərimli









