Yeni təmir edilən yolda təhlükə – Foto

Yeni təmir edilən yolda təhlükə – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun 2 zolaqdan 4 zolağa genişləndirilməsində baxmayaraq, yolda təhlükəsizlik qaydalarına əməl edilməyib.

Tribuna.az xəbər verir ki, yol-nəqliyyat eksperti Rauf Ağamirzəyev bu məsələyə diqqət çəkib.

Ekspert bildirib ki, 4 zolaqlı yolda əks istiqamətləri ayıran və mümkün frontal toqquşmaların qarşısını almağa kömək edə biləcək Nyu-Cersi tipli beton baryerin quraşdırılmaması xüsusilə diqqətçəkəndir.

Onun sözlərinə görə, yolun keçdiyi ərazinin dağlıq və mürəkkəb relyefə malik olması, eniş-yoxuşların və yüksək hərəkət sürətinin mövcudluğu təhlükəsizlik tədbirlərinin əhəmiyyətini daha da artırır.

Rauf Ağamirzəyev hesab edir ki, yolun təhlükəsizlik riskləri yenidən qiymətləndirilməli və Nyu-Cersi tipli baryerin tətbiqi imkanına baxılmalıdır.

“Yolun genişləndirilməsi ilə yanaşı, təhlükəsizlik səviyyəsi də maksimuma çatdırılmalıdır. Hər şeydən öncə təhlükəsizlik!” – deyə ekspert vurğulayıb.

Mütəxəssisin qaldırdığı məsələ xüsusilə əks istiqamətdə hərəkət edən avtomobillərin zolaqdan çıxması zamanı frontal toqquşma riskinin azaldılması baxımından diqqət çəkir.

Qeyd edək ki, Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunda təmir bu ilin aprel ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılıb.

Nigar İxtiyarqızı