Xoşqədəm Baxşəliyeva ADY-dən danışdı: “Ora biabırçılıqır” – Foto

Xoşqədəm Baxşəliyeva ADY-dən danışdı: “Ora biabırçılıqır” – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dəmir Yollarının (ADY) fəaliyyəti ilə bağlı sərnişinlərin narazılığı artmaqdadır. Sosial şəbəkələrdə paylaşılan şikayətlərdə xüsusilə biletlərin əlçatan olmaması, uzunmüddətli səfərlər zamanı sərnişinlərə adi çay və suyun belə təqdim edilməməsi diqqət çəkir. Bununla yanaşı, biletlərin tur şirkətlərinə satılması ilə bağlı iddialar da səsləndirilir.

Tribuna.az xəbər verir ki, vətəndaşlar sosial şəbəkələrdə ADY-nin xidmət səviyyəsindən narazılıqlarını ifadə ediblər.

Vüqar Quliyev Bakı-Tbilisi marşrutu üzrə 10-11 saat davam edən səfər zamanı sərnişinlərə bir stəkan çayın belə pulsuz təqdim edilməməsindən narazılıq edib. O bildirib ki, qatarda çay satılır və qiymətlər 3 manatdan başlayır. Sərnişin bununla yanaşı, biletlərin satışında da ciddi sualların yarandığını vurğulayıb:

“Bu qədər satış edirsiniz, qatar boş getmir. Yəni bir çay vermək olmaz? Bunu da qoyaq bir kənara, biletləri hansı yollarla satırsınız, nə edirsiniz, bu qədər bilet hər gün yoxa çıxır? Yəni bu quruma nəzarət edən yoxdur?”.

Digər vətəndaş Alvin Rzayev isə yay aylarında Tbilisiyə səfəri zamanı bir vaqonun demək olar ki, bütövlükdə eyni tur qrupunun üzvlərindən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, hətta həmin vaqonda tur rəhbəri də olub.

Bu paylaşım fonunda biletlərin fərdi sərnişinlər üçün əlçatanlığı və tur şirkətlərinin bilet satışında hansısa üstünlüyə malik olub-olmaması ilə bağlı suallar yaranır.

Tanınmış aparıcı Xoşqədəm Baxşəliyeva da ADY-nin xidmətləri ilə bağlı narazılığını qısa şəkildə ifadə edib. O, sosial şəbəkədə ADY ilə bağlı yazılan fikirlərə “Ora biabırçılıqdı” sözləri ilə reaksiya verib.

Sərnişinlərin şikayətləri ADY-də xidmət keyfiyyəti, bilet satışının şəffaflığı və uzunmüddətli səfərlər zamanı sərnişinlərə göstərilən xidmətlərlə bağlı müzakirələri yenidən gündəmə gətirir.

Qeyd olunan iddialarla bağlı Azərbaycan Dəmir Yollarının mövqeyini öyrənməyə hazırıq.

Gülşən Rəsul