Xaricdə təhsil üzrə dövlət proqramı və  rəqəmsal inkişaf

Xaricdə təhsil üzrə dövlət proqramı və rəqəmsal inkişaf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2007–2015-ci illərdə həyata keçirilən “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müstəqillik dövründə insan kapitalına yönəli ən iri dövlət investisiyalarından biri olub.  Proqramın əsas məqsədi dünyanın aparıcı universitetlərində yüksək ixtisaslı  kadrlar hazırlamaq və onların  bilik-bacarıqlarını  ölkənin inkişafına yönəltmək idi. Bu məqsədlə minlərlə tələbənin təhsil haqqı, yaşayış, sığorta, nəqliyyat və digər xərcləri dövlət büdcəsi hesabına maliyyələşdirildi.  Lakin proqramın nəticələrinə nəzər yetirəndə  məlum olur ki, onun strateji  layihələnməsində müəyyən nöqsanlar olub.

Əgər həmin dövrdə proqramın əhəmiyyətli hissəsi distant təhsil modeli üzərində qurulsaydı, Azərbaycanın insan kapitalı, rəqəmsal transformasiyası və innovasiya potensialı bu gün daha yüksək səviyyədə olardı.   

Bu  fikir hipotetik deyil. Bu ideya dövlət siyasəti üçün öyrənilməli və ciddi nəticələr çıxarılmalı önəmli  strateji dərsdir.

Dövlət proqramının iqtisadi məntiqi və onun məhdudluğu

Proqram klassik mənada “xaricdə təhsil modeli”nə əsaslanırdı: tələbə xaricə gedir, universitetdə əyani təhsil alır, bütün xərcləri dövlət tərəfindən ödənilir və sonra ölkəyə qayıdaraq əldə etdiyi bilikləri  vətənində tətbiq edir, dövlətə borcunu qaytarır.  Bu model XX əsrin sonlarında  ola bilsin ki, məntiqli görünürdü.

2000-ci illərdən etibarən dünyada distant təhsil texnologiyaları sürətlə inkişaf etməyə başladı.  İnternet infrastrukturu genişləndi. Bir çox aparıcı universitetlər onlayn kurslar təqdim edir, rəqəmsal öyrənmə mühiti formalaşırdı.  Belə bir şəraitdə dövlət proqramının tamamilə ənənəvi (əyani)  model üzərində qurulması strateji olaraq digər alternativlərin  zəif  qiymətləndirildiyini göstərir.

Bu proqramın 2006-2007-ci illərdə ilkin  ictimai müzakirəsi, habelə KİV-lərdəki müzakirəsi  zamanı biz dəfələrlə məsələ  qaldırmışdıq ki, dövlət proqramının  müəyyən hissəsi  (büdcəsinin 50 %-i)  tələbələrin xarici universitetlərdə distant texnologiyalarla təhsilinə yönəlsin. Bunun o dövr üçün  faydalarını da izah edirdik.

Bizim təhsil sisteminin ən böyük nöqsanlarından biri də  məmurların  mütəxəssisləri eşitməməsi, onlarla məsləhətləşməməsi, verilən təkliflərə  əhəmiyyət verilməməsi olmuşdur. Bu nöqsan son 6 ildə özünü daha çox  büruzə verir.

Necə deyərlər,  bilməmək eyib deyil, bilməyib öyrənməmək eyibdir.  Bizim təhsil məmurları müəllimlərdən fasiləsiz təhsil tələb etsələr də, özləri  nəinki fasiləsiz,  heç fasilələrlə  də öyrənmək istəmirlər. Təhsil islahatların uğursuzluğunun əsas səbəblərindən biri də budur.

Bu səbəblərdən,  ETN menecerləri 25 il əvvəl olduğu kimi, yenə də distant təhsilə qadağalar  qoyur, onun mahiyyətini düzgün qiymətləndirmirlər.  Yenə də “ ölkədən çıxmadan ən yaxşı təhsil  almağın”  arxaik  yollarını axrtarır,  bunu innovasiya hesab edir, amma əsl innovasiya olan distant təhsildən danışmırlar.    

Eyni vəsaitlə daha çox insan kapitalı formalaşdırmaq  

Xaricdə əyani təhsilin  maliyyə yükü yalnız təhsil haqqı deyil.  Bu zaman dövlət yaşayış, yol xərcləri, tibbi sığorta, gündəlik dolanışıq və digər sosial xərcləri  aşağıdakı xərcləri də qarşılayır.   Halbuki distant təhsil modeli tətbiq olunsaydı, bu xərclərin böyük hissəsi aradan qalxardı. Nəticədə eyni büdcə ilə dəfələrlə  çox tələbənin  xaricdə təhsilinin   maliyyələşdirilməsi mümkün olardı.

Əgər proqramın heç olmasa yarısı onlayn formatda həyata keçirilsəydi, qənaət edilən vəsait hesabına əlavə  olaraq 10 minə  qədər  gəncin dünyanın nüfuzlu universitetlərində  distant təhsil alması mümkün olardı.  Bu isə təkcə kəmiyyət deyil, həm də milli insan kapitalının keyfiyyəti və miqyası baxımından ciddi  təsir  edərdi.

Rəqəmsal bacarıqların formalaşması

Məsələnin mühüm tərəfi  təkcə maliyyə deyil, həm də öyrənmə modelidir.  Distant təhsil tələbədən yüksək rəqəmsal savadlılıq, müstəqil öyrənmə bacarığı, informasiyanın analizi, vaxtın idarə olunması, virtual komandalarla işləmək, onlayn təqdimat və kommunikasiya bacarıqları tələb edir.   Bu bacarıqlar bu gün Dünya İqtisadi Forumunun və OECD-nin “gələcəyin bacarıqları” kimi təqdim etdiyi  mühüm səriştələrdi.

Beləliklə, distant təhsil sadəcə diplom deyil, rəqəmsal iqtisadiyyat üçün yeni tip insan kapitalı da  formalaşdırır.

“Beyin axını” prosesinin zəifləməsi

Proqramın əsas problemlərindən biri məzunların əhəmiyyətli hissəsinin Azərbaycana qayıtmaması idi.   Bu, gözlənilməz nəticə deyildi. Çünki,  tələbələr xaricdə sosial əlaqələr  qurur, əmək bazarına inteqrasiya edir, yüksək maaşlı iş imkanları əldə edir,  həyat tərzini dəyişirdilər.  Nəticədə onların xeyli  hissəsi təhsil aldıqları ölkədə qalmağa üstünlük verirdi.

Qayıdanların da müəyyən hissəsi Azərbaycanda öz bilik və bacarıqlarına uyğun iş yeri, müvafiq əmək bazarı tapa bilmədi. Aşağı əməkhaqqı, məhdud tədqiqat imkanları və zəif innovasiya ekosistemi onların yenidən xaricə üz tutmasına səbəb oldu.   Beləliklə, dövlətin böyük maliyyə sərmayəsinin böyük bir hissəsi ölkənin uzunmüddətli insan kapitalına çevrilmədi.  Bu  proqram Azərbaycanın  dövlət büdcəsi hesabına,  Avropa ölkələri üçün minlərlə gənc mütəxəssis, insan kapitalı  yetişdirdi və buna milyonlarla avro pul xərcləndi.  Amma son 25 ildə öz universitetlərimiz inkişaf üçün heç bir investisiya ala bilmirdi.

Onlayn model isə fərqli nəticə verə bilərdi

Əgər tələbələr Azərbaycanda qalaraq Harvard, MIT, Stanford, Imperial College, ETH Zurich və digər aparıcı universitetlərin distant proqramlarında təhsil alsaydılar, vəziyyət fərqli ola bilərdi.  Onlar  ailə və sosial mühitdən ayrılmazdılar,  yerli əmək bazarı ilə əlaqələrini qoruyardılar, yerli problemləri öyrənərək həll yolları axtarardılar, təhsil müddətində startaplar yarada bilərdilər, beynəlxalq frilans və rəqəmsal xidmət bazarına çıxış əldə edərdilər.   Başqa sözlə, bilik ölkədən kənarda deyil, ölkənin daxilində iqtisadi dəyərə çevrilərdi.

Azərbaycanın rəqəmsal transformasiyası sürətlənə bilərdi

2007–2015-ci illər dünyada rəqəmsal platformaların, bulud texnologiyalarının və mobil iqtisadiyyatın yüksəliş dövrü idi.  Əgər minlərlə Azərbaycan gənci həmin illərdə onlayn təhsil alaraq gündəlik fəaliyyətini rəqəmsal mühitdə qurmuş olsaydı, bu gün ölkədə rəqəmsal sahibkarlıq daha geniş yayılmış olardı, proqram təminatı ixracı artardı,  startap ekosistemi daha erkən formalaşardı,  distant iş mədəniyyəti inkişaf edərdi, elektron təhsil texnologiyalarının yerli bazarı yaranardı.  Bu, yalnız təhsil deyil, bütövlükdə rəqəmsal iqtisadiyyat üçün katalizator rolunu oynaya bilərdi.

İnsan kapitalına investisiya yalnız diplom vermək deyil

Bu proqramın nəticələrinin hətta ilkin təhlili belə görtərir ki, insan kapitalına investisiya yalnız diplom vermək deyil.   Dövlət proqramlarının səmərəliliyini  yalnız neçə nəfərin məzun olması ilə deyil, həmin insanların ölkənin iqtisadi və sosial inkişafına nə dərəcədə töhfə verməsi ilə ölçülməlidir. Bu proqramlara sərf edililən bir milyard avrodan artıq vəsait ölkə iqtisadiyyatına nə   fayda verdi?

İnsan kapitalına investisiya aşağıdakı zənciri tamamlamalıdır: təhsil → bacarıq → innovasiya → məhsuldarlıq → iqtisadi artım → milli rifah.  Əgər bu zəncir qırılırsa, proqramın sosial və iqtisadi qaytarımı da azalır.

Gələcək üçün nəticələr

Bu təcrübə gələcək dövlət proqramları üçün mühüm nəticələr çıxarmağa imkan verir:

  •  xaricdə təhsil  proqramlarında hibrid və distant təhsil modellərinə üstünlük verilməlidir,
  • ölkədaxili, milli  təhsil sistemində distant təhsilə dair qadağalar ləğv edilməli, rəqəmsal inkişafın və transformasiyanın özülü olan  distant təhsil sisteminə geniş  meydan açılmalıdır,
  • tələbələrin ölkə daxilində innovasiya fəaliyyəti stimullaşdırılmalıdır,
  • təhsil proqramları startap və rəqəmsal sahibkarlıq komponentləri ilə zənginləşdirilməlidir,
  • məzunların ölkəyə inteqrasiyası üçün yüksək texnologiyalı iş yerləri yaradılmalıdır,
  • dövlət yalnız təhsili deyil, həmin biliklərin iqtisadi dəyərə çevrilməsi mexanizmlərini də maliyyələşdirməlidir,
  • təhsilə dair strateji qərarların qəbulu zamanı ictimai rəy, xüsusən də mütəxəssilərin fikirləri öyrənilməli, təhlil edilməli və nəzərə alınmalıdır.  Təhsil ümumxalq işidir, heç bir məmurun özəl bağçası deyil.

Beləliklə, 2007–2015-ci illər  xaricdə təhsil üzrə  dövlət proqramı Azərbaycanın insan kapitalının inkişafına yönəlmiş mühüm təşəbbüslərindən biri idi.  Lakin bugünkü texnoloji və iqtisadi reallıqdan baxdıqda görünür ki, proqramın mühüm məhdudiyyəti təhsil modelinin yalnız ənənəvi əyani yanaşma üzərində qurulması idi. Bu zaman distant təhsil imkanlarının nəzərə alınmaması, xərclərin optimallaşdırılması və daha geniş əhatəsinin təmin edilməsi baxımından, eləcə də tarixi inkişaf  baxımdan təhsil sisteminin  əldən verilən  strateji fürsəti  kimi də qiymətləndirilə bilər.

Bununla belə,  bu  qiymətləndirmə tarixi qərarları bugünkü biliklərlə sadəcə tənqid etmək məqsədi daşımır. 2007-ci ildə qlobal onlayn ali təhsil ekosistemi indiki qədər inkişaf etməmişdi, bir çox aparıcı universitetlər tamhəcmli distant proqramlar təklif etmirdi və rəqəmsal infrastruktur da bugünkü səviyyədə deyildi. Bununla yanaşı, proqramın sonrakı illərində bu imkanlar genişləndikcə, modelin qismən yenilənməsi və hibrid yanaşmaların tətbiqi daha ciddi şəkildə nəzərdən keçirilə bilərdi.  Ən pisi isə budur ki, distant təhsilə  qarşı məmurların  səhv və qüsurlu münasibət hələ də davam edir.

Bu təcrübənin nəticəsi ondan ibarətdir ki, insan kapitalına qoyulan investisiyanın uğuru yalnız xaricdə neçə tələbənin oxuması ilə deyil, həmin investisiyanın ölkə daxilində nə qədər innovasiya,  rəqəmsal bacarıq, sahibkarlıq və yüksək məhsuldarlığa çevrilməsi ilə ölçülməlidir.  Süni intellekt və rəqəmsal iqtisadiyyat dövründə gələcək dövlət proqramları məhz bu strateji məntiq üzərində qurulmalıdır.

Dosent İlham Əhmədov