Yuxuya cəmi 11 dəqiqə əlavə etmək ürək sağlamlığı üçün nə deməkdir?

Yuxuya cəmi 11 dəqiqə əlavə etmək ürək sağlamlığı üçün nə deməkdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yuxu müddətində, fiziki aktivlikdə və qidalanmada kiçik dəyişikliklər belə ürək-damar sağlamlığına əhəmiyyətli təsir göstərə bilər. Lakin gecə cəmi 11 dəqiqə daha çox yatmağın infarkt və insult riskini 10 faiz azaltdığı barədə yayılan məlumatlar tam doğru deyil.

Tribuna.az BBC Science Focus-a istinadən xəbər verir ki, bu nəticə son dövrlərdə aparılan araşdırmanın yanlış şərh edilməsindən qaynaqlanır. European Journal of Preventive Cardiology jurnalında dərc olunan araşdırmada daha çox yatmaqla yanaşı, fiziki aktivliyin artırılması və qidalanmanın yaxşılaşdırılmasının ürək-damar xəstəlikləri riskinə təsiri araşdırılıb.

Tədqiqatın nəticələrinə əsasən, yalnız yuxu hesabına 10 faizlik risk azalmasına nail olmaq üçün gecə ərzində əlavə 11 dəqiqə deyil, təxminən 30 dəqiqə daha çox yatmaq lazım gəlib.

Üstəlik, söhbət insanın infarkt keçirmə ehtimalının birbaşa 10 faiz azalmasından getmir.

Araşdırmada 53 min nəfər iştirak edib və onlar 8 il ərzində müşahidə olunublar. Bu müddətdə 2 mindən bir qədər çox ürək-damar hadisəsi qeydə alınıb. Bu, iştirakçıların təxminən 3,8 faizinə bərabərdir.

Əgər iştirakçıların hamısı riskin 10 faiz azalmasına səbəb olacaq qədər əlavə yuxu alsaydı, göstərici təxminən 3,4 faizə enərdi.

Bununla belə, araşdırmanın əsas nəticəsi dəyişmir: keyfiyyətli gecə yuxusu ürək sağlamlığının mühüm amillərindən biridir.

Bunun səbəblərindən biri yuxu zamanı arterial təzyiqin normal olaraq aşağı düşməsidir. Gecə kortizol səviyyəsinin azalması ilə əlaqədar qan təzyiqi də aşağı düşür.

Yuxusuzluq isə təzyiqin lazımi səviyyədə azalmasına mane ola bilər. Bu vəziyyət qan damarlarına düşən yükü artıraraq zamanla damarların sərtləşməsinə və aterosklerozun inkişafına səbəb ola bilər.

Bundan əlavə, orqanizm tam hazır olmadan oyanmaq səhərlər stress hormonlarının səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər.

ABŞ-da 2014-cü ildə aparılan başqa bir araşdırmada isə saatların irəli çəkildiyi və insanların bir saatlıq yuxu itirdiyi bazar ertəsi səhərlərində infarkt hallarının 25 faiz artdığı müəyyən edilmişdi.

Yəni əlavə 11 dəqiqəlik yuxunun möcüzəvi şəkildə infarktdan qoruduğunu demək düzgün deyil. Ancaq kifayət qədər və keyfiyyətli yuxu uzunmüddətli perspektivdə ürək sağlamlığının qorunmasına kömək edə bilər.

İmran Kərimli