Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) strukturunda aparılan dəyişikliklərdən sonra yol kənarlarında salınmış yaşıllıqların aqibəti ilə bağlı narazılıqlar artır.
Tribuna.az-a müraciət edən vətəndaşlar bildiriblər ki, AAYDA sədri Vüsal Nəsirlinin vəzifəyə gəlişindən sonra qurumun tabeliyində fəaliyyət göstərən bir sıra yaşıllaşdırma MMC-lərinin ləğv edilməsi magistral yollar boyunca salınmış ağac və yaşıllıqların baxımsız qalmasına səbəb olub.
Qeyd edək ki, Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri vəzifəsinə 6 fevral 2026-cı ildə təyin edilib. Bundan sonra agentliyin strukturunda bir sıra dəyişikliklər aparılıb. 2026-cı ilin aprel-may aylarında AAYDA-nın müxtəlif “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-lərinin ləğvi ilə bağlı məlumatlar yayılıb.
Vətəndaşların sözlərinə görə, problem xüsusilə bölgələrə gedən magistral yollarda özünü qabarıq göstərir. Onlar iddia edirlər ki, vaxtilə yolların kənarında salınan yaşıllıqlara hazırda lazımi qulluq göstərilmir, nəticədə ağaclar quruyur, bəzi ərazilərdə isə yaşıllıq zolaqları demək olar ki, tamamilə sıradan çıxır.“Bakı-Qazax magistralı boyunca illər ərzində salınmış ağacların böyük hissəsi quruyub.
Yolun kənarlarında əvvəllər yaşıl zolaqlar görünürdü, indi isə bir çox yerdə qurumuş ağaclarla qarşılaşırıq. Eyni vəziyyəti Bakı-Gəncə istiqamətində və Xaldan-Şəki yolunda da görmək mümkündür”, – deyə vətəndaşlar bildiriblər.
Onların sözlərinə görə, söhbət yalnız ağacların qurumasından getmir. Yol kənarlarında salınmış yaşıllıqlar həm ətraf mühit, həm də magistral yolların ümumi görünüşü baxımından mühüm əhəmiyyət daşıyır.
Xaldan-Şəki yolu
“Bu ağaclar illərlə böyüdülüb. İndi isə onların suvarılması və qulluq edilməsi üçün məsul qurumların ləğv edilməsi nəticəsində zəhmət və vəsait hesabına yaradılmış yaşıllıqların məhv olması təəssüf doğurur. Əgər vaxtında tədbir görülməsə, bir neçə ildən sonra həmin ərazilərdə yaşıllıqdan əsər-əlamət qalmayacaq”, – deyə müraciətdə vurğulanıb.
Qazax – Baki magistralının Göygöl hissəsi
Vətəndaşlar AAYDA rəhbərliyindən yol kənarlarında salınmış yaşıllıqların hazırkı vəziyyətinin araşdırılmasını, quruyan ağacların bərpasını və yaşıllıqlara mütəmadi qulluq edilməsini xahiş edirlər.
Qeyd edək ki, AAYDA-nın yaşıllaşdırma strukturlarının ləğvi ilə bağlı qərarların ardınca qurumun yol istismarı sahəsində də bir sıra struktur dəyişiklikləri həyata keçirilib.
Məsələ ilə bağlı AAYDA-nın mövqeyini dərc etməyə hazırıq.
Sənan Məmmədli















