Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 38 ünvanında yerləşən
“Vesta Construction” MTK-ya məxsus yaşayış binası barədə Rəşad Əsgərov və Niyaz Məmmədov adlı sakinlər redaksiyamıza şikayət ünvanlanıb.
Tribuna.az-a açıqlama verən sakinlər bildiriblər ki, Nizami Rayon İcra Hakimiyyətinin başçısının 10 mart 2016-cı il tarixli, 29 nömrəli sərəncamı ilə qeyd olunan ünvanda yerləşən 2 mərtəbəli köhnə yaşayış binası pilot layihə çərçivəsində sökülmüş, ərazidə “Vesta Construction” MTK (təsisçi: Quliyev Ceyhun Musazadə oğlu) tərəfindən yeni çoxmərtəbəli yaşayış binasının — D blokunun tikintisinə başlanılmışdır.
Ərazidə əvvəl yaşamış sakinlərə, eləcə də şəxsi vəsaitləri hesabına alqı-satqı müqavilələri bağlayaraq mənzil əldə etmiş vətəndaşlara yeni binadan mənzillərin veriləcəyi vəd edilmişdir. Lakin bu günədək: tikinti işləri tam başa çatdırılmamış, mənzillər qanuni sahiblərinə təhvil verilməmiş, verilmiş vədlər ardıcıl olaraq pozulmuşdur.
Şirkət rəhbərliyi tərəfindən dəfələrlə “3 ay sonra təhvil veriləcək” bəyanatları səsləndirilsə də, bu müddətlər süni şəkildə uzadılmış, nəticədə illər ərzində heç bir real irəliləyiş əldə olunmamışdır. Şirkətin təsisçisi Quliyev Ceyhun Musazadə oğlu ilə əlaqə yaratmaq mümkün olmamış, onun ölkə xaricində olduğu bildirilmişdir. Şirkətin məsul şəxslərindən biri kimi təqdim olunan Rövşən adlı şəxs isə müraciətlərimizə konkret və hüquqi əsaslandırılmış cavablar verməkdən yayınmışdır.
Şikayətçi Məmmədov Niyaz Yaquboğlu qeyd edir:
“2020-ci ildə “Vesta Construction” MTK-nın rəhbəri Ceyhun Quliyevdən ev almışıq. Lakin 6 ildir ki, evimizə köçə bilmirik. 6 ildə kirayələrə 30 min pul vermişik. Binada 40-50-yə yaxın mənzillər var ki, 3-4 nəfərə satılıb. Şirkətin rəhbəri vasitəçilərlə əlbir olaraq bu əməlləri törədiblər. Mən artıq kirayə pulunu ödəyə bilmirəm, çox çətin vəziyyətdə qalmışam. Mən təmirli ev almağım baxmayaraq, binaya hələ lift belə qoyulmayıb. 2020-ci ildə məndən təmir üçün 11 min manat da alıblar”.
Rəşad Əkbərov şikayətində bildirib:
“Vesta Construction” MTK şirkəti 10 ildən çoxdur ki, evləri satıb. Oradakı sakinləri də köhnə evlərindən çıxarıb. Şirkət söz verib ki, 2 il ərzində onlara ev verəcək. Biz bu qanunsuzluğu nə qədər ictimailəşdirsək də bir nəticə görə bilmirik. Evlərimizi təhvil ala bilmirik. Üstəlik, şirkətin sahibi Ceyhun Quliyev 1 mənzili 3-4 nəfərə satıb”.
Vətəndaşlar çıxış yolu üçün ölkə başçısına da məktub ünvanlayıblar. Onlar baş verən bu qanunsuzluğun qarşısının alınmasını və evlərinə köçməyi ümid edirlər.
Baş verən problemlə bağlı Nizami Rayon İcra Hakimiyyəti sakinlərlə görüşlər keçirib.
Redaksiyamız şirkətlə dəfələrlə əlaqə saxlamağa çalışsa da nəticə olmayıb.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Dəniz Pənahova












