Alimlər kitab oxuma vərdişi ilə ömür uzunluğu arasında əlaqə tapıblar
Alimlərin araşdırmalarına görə, kitab oxuma vərdişi ilə insanın ömür uzunluğu arasında əlaqə ola bilər. Tədqiqatlar göstərir ki, müntəzəm oxumaq stressi azaldır, yaddaşı yaxşılaşdırır və uzunömürlülüyə müsbət təsir göstərir.
Tribuna.az xəbər verir ki, bu barədə National Geographic jurnalı məlumat yayıb.
“Kitaba daldığınız zaman tez-tez meditasiyaya bənzər bir trans halına daxil olursunuz və bu vəziyyət sizi qoruyur”, — deyə amerikalı psixoterapevt Zoi Şou oxuma ilə ömür uzunluğu arasındakı əlaqəni izah edib.
Bu nəzəriyyənin əsas sübutu Yel İctimai Səhiyyə Məktəbinin araşdırması olub. Tədqiqat çərçivəsində alimlər 12 il ərzində 50 yaşdan yuxarı 3,5 mindən çox insanı müşahidə ediblər. Nəticələrə görə, müntəzəm kitab oxuyan iştirakçılar heç oxumayanlarla müqayisədə orta hesabla 23 ay daha uzun yaşayıblar. Maraqlıdır ki, təhsil səviyyəsi və idrak qabiliyyətləri bu göstəriciyə heç bir təsir göstərməyib.
Bu prosesdə oxumağın sosial-emosional təsirləri mühüm rol oynayır. Sosial əlaqələr sağlam qocalma üçün kritik əhəmiyyət daşıyır və ədəbiyyat müəyyən mənada sosial təcrübəni əvəz edə bilir. Çünki oxu zamanı insan emosiyalarını məşq etdirir və dünyaya başqalarının gözü ilə baxmağı öyrənir.
Bundan əlavə, kitab oxumaq tənhalıq hissini azaldır. Halbuki tənhalıq erkən ölüm üçün siqaretçəkmə və piylənmə qədər ciddi risk faktoru sayılır.
“Oxuma prosesi eyni anda beynin bir neçə sahəsini — nitq, diqqət, yaddaş və təxəyyül mərkəzlərini — aktivləşdirir. Bu da zamanla idrak ehtiyatını gücləndirir”, — deyə Şou əlavə edib.
Mütəxəssislər bildiriblər ki, gündə cəmi 10–30 dəqiqə kitab oxumaq belə sağlamlıq üçün müsbət təsir göstərməyə başlamaq üçün kifayətdir.
Qeyd edək ki, daha əvvəl xroniki obstruktiv ağciyər xəstəliyinin (XOAX) təkcə tənəffüs problemləri ilə deyil, eyni zamanda yaddaşın, diqqətin və düşüncə qabiliyyətinin zəifləməsi riski ilə də əlaqəli ola biləcəyi açıqlanmışdı.
İmran Kəeimli









