Son 4 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
Deputat qeyd edib ki, 2024-cü ildə 73 875 beş nəfər olub. 24 il ərzində yoluxanların sayı təxminən 3,5 dəfə artıb. Bu artımın səbəbləri nələrdir?
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, Azərbaycandakı onkoloji xəstəliklərin statistikası dünya statistikasından elə ciddi fərqlənmir.
Ekspertin sözlərinə görə, uşaqlar və böyüklər arasında onkoloji xəstəliklərin artması müşahidə edilir. Uşaqlar arasında leykozların, limfa sisteminin bədxassəli şişlərinin, sümük şişlərinin və s. artması tendensiyası müşahidə olunur.
Adil Qeybulla qeyd edib:
“Bir şeyi nəzərə almaq lazımdır ki, ilk növbədə ekoloji sistemin tarazlığının pozulması ön plandadır. İnsanın təmasda olduğu hər şey, atmosfer, içməli su, torpaq və ondan əmələ gələn meyvələr hamısı problemlidir. Təbii qidaların özləri problemlidir. Nəzərə alaq ki, bu gün Amazonda yaşayan heyvanlardan götürülən nümunələrdə ağır metal duzları aşkar edilir. Bu onu göstərir ki, ekologiya həddindən artıq pisləşib. Böyük şəhərlərin havasında neft məhsulları, kanserogen törəmələri, miqdarı artmaqda davam edir. Eyni zamanda, insanın fəaliyyət məhsulları, yəni, fosil yanacağın yanma məhsulları atmosferə gedir. Hər an göydə 10 min təyyarə var. Bunların bütün qazları havaya buraxılır. Bütün bunlar çox ciddi fəlakətdir. Onkoloji xəstəliklərin bu dərəcədə artması heç bir təəccüb doğurmur. Həmçinin, Azərbaycanda uşaqların yetərsiz qidalanması da var. Bu faktlar hansısa statistikaya təkan verə bilər. Amma bütövlükdə, prinsipial olaraq statistika dünya statistikasına yaxındır.
Dəniz Pənahova










