Türkiyədə müşahidə olunan anomal isti hava dalğası Azərbaycanda da analoji hava şəraitinin gözlənilib-gözlənilmədiyi sualını gündəmə gətirib.
Türkiyə Meteorologiya Ümumi Müdirliyinin son hesabatına əsasən, ölkənin xüsusilə Ege, Aralıq dənizi və Cənub-Şərqi Anadolu bölgələrində havanın temperaturu mövsüm normasından 2-4 dərəcə yüksək olacaq. Bəzi ərazilərdə temperaturun 40 dərəcəyə çatacağı gözlənilir.
Qonşu ölkədə müşahidə olunan bu anomal istilər fondunda analoji hava şəraitinin Azərbaycana da təsir edib-etməyəcəyi sualı gündəmə gəlir.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda isə yaxın günlərdə hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Avqustun 22-25-də Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə 40-41 dərəcəyədək yüksələcək.
Beləliklə, qarşıdakı günlərdə Azərbaycanda da yüksək temperaturun müşahidə olunacağı gözlənilir.









