Ölkəyə qripə qarşı vaksinlər gətirilib, bu gündən vaksinasiyaya başlanılır – RƏSMİ

Ölkəyə qripə qarşı vaksinlər gətirilib, bu gündən vaksinasiyaya başlanılır – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Payız-qış aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin yayılma riskinin artması müşahidə olunur. Əhali arasında qrip və digər respirator infeksiyaların yayılmasının qarşısının alınması, eləcə də profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən bu il də ölkəyə qripə qarşı vaksinlər gətirilib.

Tribuna.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, səhiyyə nazirinin “2026–2027-ci ilin payız-qış mövsümündə respublikada kəskin respirator xəstəliklərə qarşı əksepidemik tədbirlərin gücləndirilməsi və qripə qarşı vaksinasiya kampaniyasının keçirilməsi barədə” əmrinə əsasən, mövsümi qripə qarşı vaksinasiyaya 2026-cı il oktyabrın 21-dən başlanılması nəzərdə tutulur.

“Qrip infeksiyasının ağırlaşmaları baxımından daha yüksək risk qrupuna daxil olan şəxslərə, xüsusilə səhiyyə işçilərinə, hamilə qadınlara, eləcə də 6 aylıqdan yuxarı, xroniki tənəffüs sistemi xəstəlikləri olan şəxslərə qripə qarşı peyvənd olunmaq tövsiyə edilir.

Mövsümi qripə qarşı vaksinasiya xəstəlikdən qorunmanın və onun mümkün ağırlaşmalarının qarşısının alınmasının əsas profilaktik vasitələrindən biridir.

Səhiyyə Nazirliyi əhalini mövsümi qripə qarşı profilaktik tədbirlərə əməl etməyə, o cümlədən vaksinasiya prosesində fəal iştirak etməyə çağırır. Qripə qarşı vaksinasiya ödənişsiz həyata keçirilir və vətəndaşların yaşayış və ya iş yeri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır”, məlumatda deyilir.