“Sosial şəbəkələrdən məlum oldu ki, Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov “Bunları səkiyə qoymusansa, artıq sənin deyil. Vsyo qoyun maşına” deyib sahibkarın əmlakını əlindən alan kiçik çaplı məmuru “çox ciddi” cəzalandırıb – ona xəbərdarlıq edib.
Əslində, bu məsələyə şəhər icra başçısından çox prokurorluq müdaxilə etməliydi. Çünki səkiyə yığılan meyvələr sahibkarın mülkiyyətidir. O, hansısa qaydanı pozubsa belə, icra hakimiyyətində işləyən məmur bu mülkiyyəti onun əlindən ala bilməz”.
Tribuna.az məlumat verir ki, hüquqşünas Qulamhüseyn Əlibəyli Sumqayıtdakı hadisəyə belə qiymət verib. Onun sözlərinə görə, şəxsin mülkiyyət hüququ yalnız qanunla müəyyən olunmuş qaydada məhkəmə tərəfindən məhdudlaşdırıla bilər: ” Yəni inzibati müsadirə yalnız məhkəmə tərəfindən tətbiq oluna bilər. Konkret halda həmin məmur elə-belə özbaşınalıq etməyib. Hakimiyyət səlahiyyətlərindən sui-istifadə edərək sahibkarı qanunsuz olaraq mülkiyyətində olan əmlakdan məhrum edib və ona maddi ziyan vurub. Bu əməl isə vurulan maddi ziyanın miqdarından asılı olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.
Düzdür, vətəndaşların şəxsi mülkiyyətində olan yaşayış evini onların başına uçuran tikinti maqnatlarının törətdikləri ilə müqayisədə bu əməl zahirən böyük təhlükə törətməyən hüquqpozma kimi görünə bilər. Lakin hər bir hüquqpozmaya görə qanunla məsuliyyət yaranır”.
Q. Əlibəyli qeyd edib ki, icra hakimiyyətində işləyən məmurların bu barədə heç bir qanunu imtiyazları yoxdur:” Onlar da törətdikləri konkret hüquqpozmaya görə məsuliyyət daşımalıdırlar. Hüquqpozmaya görə məsuliyyət məsələsinə selektiv yanaşmaq son nəticədə növbəti hüquqpozmalara stimul yaratmağa bərabərdir”.
Həsən Ağa










