Siqareti tərgitmək bəzi insanlar üçün çox çətin bir prosesdir. Bu prosesi asanlaşdırmaq üçün apteklərdə satılan dərmanlar məsləhətlidirmi? Məsələn, Türkiyədə könüllü olaraq siqareti tərgitmək istəyən şəxslər polikilinkalara müraciət edir, orada müayinələrdən sonra pulsuz dərman vasitəsilə qısa müddətdə siqaretdən qurtulmaq şansı yaranır və işə də yarayır. Bizdə nəyə görə belə kompaniyalar keçirilmir?
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən tibb üzrə ekspert Rasif Bağırov bildirib ki, siqareti tərgitmək üçün ilk növbədə o insanın gərək istəyi olsun.
R. Bağırovun sözlərinə görə, istək olmayandan sonra müxtəlif bəhanələrlə siqaret çəkməyi davam etdirirlər. Siqaret orqanizm üçün çox zərərverici bir maddədir. Həmin o maddəni bütün insanlara tərgitmək məsləhətdir.
Mütəxəssis xaricdən misal gətirərək deyib:
“Xaricdə insanlar 30-35 yaşdan sonra siqaret çəkmirlər. Sadəcə olaraq filmlərdə siqaret reklam olunur deyə camaat da düşünür ki,” bunlar çəkir, biz də çəkək”. Xaricdə belə məsələləri insanlar anlayışla qəbul edib ümumi qaydada əməl edirlər. Bizdə isə siqaretin çəkilməsinin bilsə də bilməsə də zərərlərinə əhəmiyyət verilmir. Nəticədə, gələcəkdə hər hansı bir xəstəliklə üzləşəndə artıq çıxılmaz vəziyyətdə qalırlar.”
Sonda dərman məsələsinə toxunan ekspert əlavə edib:
“Bizdə də bu cür dərmanlar var. Düzdür, bunu xəstəxanalar təklif etmir. Müəyyən dərman firmaları var ki, siqareti çəkə-çəkə, qrafikə əməl edərək insanların siqaretdən uzaqlaşmasına yardımçı olur. Yəni, insanın bir az da özündə istək olanda bunu bacarırlar. Amma xəstə özü qərar verməsə, dərmanları nə qədər verirsən ver heç bir xeyri olmayacaq.”
Dəniz Pənahova










