Türkiyə 2026-cı ilin 1 mart tarixindən etibarən Özbəkistan vətəndaşlarına avtomatik iş icazəsi verməyə başlayacaq.
Bu imkan Türkiyədə fasiləsiz ən azı üç il yaşayan özbəklərə şamil olunacaq.
Tribuna.az xəbər verir ki, Özbəkistan hökuməti yanında Miqrasiya Agentliyinin məlumatına görə, razılaşma agentliyin rəhbəri Bexzod Musayevin Türkiyənin əmək və sosial təminat naziri Vedat Işıkhan ilə keçirdiyi danışıqlar zamanı əldə olunub.
Yeni mexanizmə əsasən, Özbəkistan vətəndaşları əvvəlcədən işəgötürən tapmadan və ölkələrinə qayıdaraq iş vizası rəsmiləşdirmədən Türkiyədə rəsmi şəkildə işləyə biləcəklər. Bu da onların əmək bazarına çıxışını xeyli asanlaşdıracaq.
Eyni zamanda, Türkiyənin məşğulluq xidməti olan İŞKUR ölkədə tələbat olan peşələrin siyahısını tərtib edərək Özbəkistana göndərəcək. Tərəflər həmçinin sənədsiz şəkildə Türkiyədə yaşayan özbəklərin deportasiya olunmadan leqallaşdırılması prosesinin davam etdiriləcəyini təsdiqləyiblər.
Razılaşmaya əsasən, artıq bu il Ankarada həyata keçirilən tikinti layihələrinə 2500 özbək işçi cəlb olunacaq. Danışıqlar Özbəkistan prezidentinin Türkiyəyə rəsmi səfəri çərçivəsində baş tutub.
İmran Kərimli









