NATO-da Steadfast Dart (“Sabit Ox”) adlı genişmiqyaslı hərbi təlimlərə start verilib. Təlimlərdə 11 ölkədən təxminən 10 min hərbçi iştirak edir.
Tribuna.az xəbər verir ki, The New York Times nəşrinin qeyd etdiyinə görə, diqqətçəkən məqam ABŞ-ın — alyansın ən böyük və əsas üzvünün — manevrlərdə iştirak etməməsidir.
Təlimlər ABŞ Prezidenti Donald Trampın NATO-ya ünvanladığı tənqidlər fonunda keçirilir və mümkün böhran vəziyyətində Avropa müttəfiqlərinin müstəqil hərəkət qabiliyyətini yoxlamağı hədəfləyir.
Manevrlər çərçivəsində Cəbəllütariqdən təxminən 80 kilometr şimal-qərbdə yerləşən İspaniya limanına dörd Türkiyə hərbi gəmisi, o cümlədən aviadaşıyıcı funksiyalarını yerinə yetirə bilən yeni desant gəmisi daxil olub. Türkiyə gəmiləri İspaniya donanması ilə birləşərək qitə ətrafında hərəkət edəcək və Fransa, Almaniya, Polşa və Niderlanda məxsus gəmilərlə görüşəcək.
Donanma tərkibində tanklar, desant gəmiləri, helikopterlər, pilotsuz uçuş aparatları və şəxsi heyət Cənubi Avropadan Almaniyanın şimalına daşınacaq. Burada Türkiyə dəniz piyadalarının iştirakı ilə desant əməliyyatları və döyüş atışları planlaşdırılır.
Əməliyyatın əsas məqsədi NATO-nun Reaksiya Qüvvələrini sınaqdan keçirmək və müttəfiqlərin Avropanın bir ucundan digər ucuna qoşun və texnikanı sürətlə köçürmək imkanlarını qiymətləndirməkdir.
İmran Kərimli









