“İran və Rusiya arasında təbii qaz tədarükü ilə bağlı uzunmüddətli müqavilənin həyata keçirilməsinə yaxınlaşır. Azərbaycan üzərindən keçəcək bu marşrut üçün sovet dövründən qalan infrastrukturdan istifadə potensialı var”.
Tribuna.az xəbər verir ki, bu sözlər İran-Avrasiya Araşdırmalar İnstitutunun anti-Azərbaycan mövqeyi ilə tanınan eksperti Vəli Kalecinin Tehranda yayınlanan “Khabar Online” saytına yazdığı məqalədəndir.
Onun sözlərinə görə, Azərbaycan layihəyə münasibətdə ehtiyatlı davranır.
“Azərbaycan Rusiya və İran rəsmilərindən fərqli olaraq, layihə barədə indiyədək geniş açıqlama verməyib. Azərbaycan hazırda Avropa Birliyinin mühüm qaz təchizatçılarından birinə çevrilib və Rusiya qazının yeni tranzit marşrutu kimi görünmək istəmir”.
Kaleci hesab edir ki, Rusiyanın qazın Gürcüstan və Ermənistan əvəzinə Azərbaycan üzərindən İrana nəqlinə üstünlük verməsinin əsas səbəblərindən biri “Qazprom”un Cənubi Qafqazdakı uzunmüddətli ticarət maraqlarıdır. “İran qazının gələcəkdə Ermənistan və Gürcüstana böyük həcmdə ixrac olunması ehtimalı Rusiya şirkəti üçün risk yarada bilər”.
O qeyd edib ki, Azərbaycan Rusiyanın bölgədəki enerji maraqları baxımından mümkün alternativ marşrutudur. “Azərbaycan üzərindən keçən xətt “Qazprom”un Cənubi Qafqazdakı mövqeyinə yarana biləcək riskləri azaltmağa imkan verir. Moskva ilə münasibətlərindən asılı olaraq Bakının Rusiya qazının İrana tranzitini “pozmaq və ya dayandırmaq” imkanları ola bilər. Eyni zamanda, Rusiya qazının Azərbaycan vasitəsilə İrana nəqli Bakının Tehran-Moskva münasibətlərində tranzit və enerji baxımından əhəmiyyətini artıracaq”.
Fərda Uğur









