Rusiya Dövlət Duması Müdafiə Nazirliyinə həbsxanalarda saxlanılan məhkumlar hesabına müqaviləli hərbi qulluqçuların sayını artırmaq imkanı verən qanun layihəsini müzakirəsiz qəbul edib.
Tribuna.az Rusiya mediasına istinadla xəbər verir ki, yeni dəyişikliklərə əsasən, əvvəllər hərbi xidmətə qəbuluna qadağa qoyulan daha 11 cinayət tərkibi üzrə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər də Ukraynadakı müharibəyə (“Xüsusi Hərbi Əməliyyat” – SVO) göndərilə biləcəklər. Federasiya Şurasının sənədi təsdiqləməsindən sonra qanunun avqust ayından qüvvəyə minməsi gözlənilir. Silahlı Qüvvələrin Baş Hərbi-Siyasi İdarəsinin rəisi Viktor Qoremıkin deputatlar qarşısında çıxışında bildirib ki, məqsəd 2026-cı ildə SVO-da iştirak edən qoşun qruplaşmasının komplektləşdirilməsi planını yerinə yetirməkdir. Onun sözlərinə görə, qanun potensial müqaviləli hərbçilərin sayını artıracaq və bu kontingent adi hərbi hissələrdə deyil, xüsusi yaradılacaq ayrıca bölmələrdə xidmət edəcək.

Qanun layihəsi ilə müqavilə bağlamasına qadağa qoyulan cinayət tərkiblərinin siyahısından daha 11 maddə çıxarılır. Bunların arasında banditizm, cinayətkar birliklərin təşkili, müxtəlif növ qaçaqmalçılıq, nüvə materiallarının və radioaktiv maddələrin oğurlanması, qanunsuz miqrasiyanın təşkili, dövlət sirri və məxfi sənədlərlə bağlı cinayətlər də yer alır. Beləliklə, ağır və xüsusilə təhlükəli cinayətlərə görə mühakimə olunan şəxslər də müəyyən şərtlərlə cəbhəyə göndərilə biləcəklər. Müdafiə Komitəsinin sədr müavini Andrey Krasov qanun layihəsinin dərhal birinci və yekun oxunuşda qəbul edilməsini təklif edib və sənəd qısa müddətdə təsdiqlənib. Bununla belə, parlamentdə bəzi deputatlar ciddi narahatlıqlarını dilə gətiriblər. Kommunist Partiyasından Nikolay Kolomeytsev soruşub ki, ağır cinayətkarların orduya cəlb edilməsi “Vaqner” hadisələrinin təkrarlanmasına səbəb olmayacaqmı. Nina Ostanina dövlət sirri ilə bağlı cinayətlər törətmiş şəxslərin etibarlılığına şübhə etdiyini bildirib, Vyaçeslav Marxayev isə bu kontingent arasında hərbi intizamın necə qorunacağını soruşub.
Qoremıkin cavabında bildirib ki, bütün dəyişikliklər hüquq-mühafizə orqanları ilə razılaşdırılıb və belə şəxslər yalnız xüsusi bölmələrdə xidmət edəcəklər. Onun sözlərinə görə, bu yanaşma “Vaqner” ssenarisinin təkrarlanmasının qarşısını almalıdır. Lakin Dövlət Dumasının sədri Vyaçeslav Volodin müzakirələri dayandıraraq bildirib ki, belə məsələlər açıq iclaslarda deyil, qapalı formatda müzakirə edilməlidir. O, deputatları “ordu kömək istəyirsə, parlament ona çiyin verməlidir” sözləri ilə qanun layihəsini dəstəkləməyə çağırıb. Qanun layihələrinin cəmi bir neçə gün ərzində parlamentdən keçirilməsi də diqqət çəkir. Rəsmi sənədlər göstərir ki, Müdafiə Nazirliyi bu dəyişikliklər üzərində ən azı iyun ayından işləyib, lakin yekun mətn son anda hazırlanıb. Hüquqşünaslar qanunda bəzi texniki uyğunsuzluqların da qaldığını bildirirlər. Bu qərar Rusiyanın Ukraynadakı müharibə fonunda canlı qüvvə çatışmazlığını aradan qaldırmaq üçün mövcud insan resurslarını maksimum səviyyədə səfərbər etməyə çalışdığını göstərir. Əgər əvvəllər əsasən yüngül və orta ağır cinayətlər törətmiş şəxslərin cəlb edilməsinə üstünlük verilirdisə, indi siyahının banditizm, mütəşəkkil cinayətkarlıq, dövlət sirri və qanunsuz miqrasiya kimi ağır cinayət maddələrini də əhatə etməsi bu siyasətin daha da genişləndirildiyini nümayiş etdirir.

Müdafiə Nazirliyi bu şəxslərin ayrıca bölmələrdə xidmət edəcəyini və ciddi nəzarət altında saxlanılacağını bildirsə də, bu, riskləri tam aradan qaldırmır. “Vaqner” özəl hərbi şirkətinin vaxtilə həbsxanalardan cəlb etdiyi məhkumlarla bağlı yaşanan problemlər, sonradan baş verən silahlı qiyam və intizam məsələləri bu modelin təhlükələrini artıq göstərib. Digər diqqətçəkən məqam parlamentdə real müzakirənin faktiki olaraq baş tutmamasıdır. Deputatların təhlükəsizlik və etibarlılıqla bağlı sualları cavablandırılmadan müzakirələr dayandırıldı və qanun sürətlə qəbul edildi. Bu isə qərarın hüquqi və ictimai müzakirədən daha çox hərbi zərurət əsasında qəbul edildiyini göstərir. Ümumilikdə, yeni qanun Rusiyanın 2026-cı il üçün cəbhədə şəxsi heyət çatışmazlığını kompensasiya etmək məqsədi daşıyır. Lakin bunun müqabilində orduda intizam, təhlükəsizlik, komanda-idarəetmə və müharibədən sonrakı sosial nəticələrlə bağlı yeni risklərin də artacağı istisna edilmir. Bu baxımdan, Moskvanın atdığı addım təkcə hərbi resursların genişləndirilməsi deyil, həm də mövcud kadr ehtiyatlarının tükənməsinin dolayısı ilə etirafı kimi qiymətləndirilə bilər.
Musavat.com









