“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə “Sumqayıt”ın qonağı olub.
XəzərXəbər-in məlumatına görə, oyun qarşılıqlı hücumlar əsnasında başlayıb. Matçın 34-cü dəqiqəsində “Qarabağ” hesabı açıb. Dani Kintana cərimə zərbəsindən möhtəşəm qolla yadda qalıb.
İlk hissə “Qarabağ”ın 1:0 hesablı qələbəsiylə başa çatıb.
İkinci hissədə meydan sahibləri təzyiqi artırsa da, “Qarabağ” inamlı oyunuyla yadda qalıb və bu matçda 1:0 hesablı qələbə qazanıb.
“Qarabağ” bu qələbəylə xallarının sayını 59-a çatdıraraq ən yaxın izləyicisi “Qəbələ”ylə xal fərqini 17-yə çatdırıb. Sona IV tur qalmış”Qarabağ” ümumilikdə 6-cı, ardıcıl 5-ci çempionluğunu qazanıb. İlk dəfə 1993-cü ildə qızıl medallara yiyələnən ağdamlılar 2013/14, 2014/15, 2015/16, 2016/17 mövsümlərinin ardından 2017/18 mövsümündə də hamıdan güclü olub. Qurbanovun komandası həm də ardıcıl qızıl medal sayında öz rekordunu yeniləyib.
Qeyd edək ki, ümumilikdə 8 komanda qızıl medallara sahib olub və “Qarabağ” çempionluq sayında yalnız “Neftçi”dən geri qalır. Bakılılar 8, Ağdam klubu 6 dəfə yarışın qalibi olubsa, “Kəpəz”in 3, “Şəmkir”, “Keşlə” (“İnter” adlandığı vaxt) və “Bakı”nın hərəyə 2, “Turan”la “Xəzər Lənkəran”ın hərəyə 1 çempionluğu var.
| Mövsüm | Çempion |
| 1992 | “Neftçi” |
| 1993 | “Qarabağ” |
| 1993/94 | “Turan” |
| 1994/95 | “Kəpəz” |
| 1995/96 | “Neftçi” |
| 1996/97 | “Neftçi” |
| 1997/98 | “Kəpəz” |
| 1998/99 | “Kəpəz” |
| 1999/2000 | “Şəmkir” |
| 2000/01 | “Şəmkir” |
| 2001/02 | yarımçıq qalıb |
| 2002/03 | Keçirilməyib |
| 2003/04 | “Neftçi” |
| 2004/05 | “Neftçi” |
| 2005/06 | “Bakı” |
| 2006/07 | “Xəzər Lənkəran” |
| 2007/08 | “İnter” |
| 2008/09 | “Bakı” |
| 2009/10 | “İnter” |
| 2010/11 | “Neftçi” |
| 2011/12 | “Neftçi” |
| 2012/13 | “Neftçi” |
| 2013/14 | “Qarabağ” |
| 2014/15 | “Qarabağ” |
| 2015/16 | “Qarabağ” |
| 2016/17 | “Qarabağ” |
| 2017/18 | “Qarabağ” |









