İllər öncə Fulton çıxışında Böyük Britaniyanın baş naziri Uinston Çörçill tərəfindən elan edilən “soyuq müharibə” ilk növbədə bütün hərbi hazırlıq iqtisadiyyatının əsasını təşkil edən amansız silahlanma yarışı olub. Məntiq sadə və öz dövrünə görə qüsursuz görünüb: çatdıra bilməsən, sənə hücum edəcəklər. Bu düşüncə sistemində “paritet” müqəddəs məqsədə çevrilib. Qarşılıqlı qorxu dünyanı “isti” müharibə ilə nəticələnməkdən qoruyan kövrək bir bağ olub. Lakin bu sakitliyin qiyməti həddindən artıq yüksək olub.
Xronologiyaya baxanda aydın olub ki, SSRİ və ABŞ eyni sürətlə irəliləyib, bu yarışın tempindən sanki nəfəs almağa macal tapmayıblar. ABŞ atom bombasını 1945-ci ildə sınaqdan keçirib, SSRİ isə buna 1949-cu ildə cavab verib. Amerikalılar ilk qitələrarası bombardmançı təyyarəni 1952-ci ildə yaradıblar, sovet mühəndisləri isə 1957-ci ilə qədər onlara çatıblar. Hidrogen bombası ABŞ-da 1952-ci ildə meydana çıxıb, Sovet İttifaqı isə cəmi bir il sonra analoji bombaya sahib olub. Bəzi sahələrdə hətta SSRİ irəli də çıxıb: ilk qitələrarası ballistik raket (QBR) SSRİ-də 1957-ci ildə havaya qalxıb – ABŞ-dəki analoqundan bir il əvvəl.

Lakin hər bir texnoloji qələbənin arxasında istehlak imkanlarından çıxılan bir “pay” dayanıb. Hər yeni raket, hər döyüş başlıqlı qitələrarası ballistik əslində geyimə, mebelə və ya ərzağa sərf oluna biləcək resursları udub. Bu elə bir iqtisadi sistem olub ki, milyardlarla vəsait tələb edib, halbuki adi insanlar ən sadə gündəlik malları almaq üçün növbələrdə dayanıblar.Hərbiləşmənin miqyası onilliklər keçməsinə baxmayaraq, bu gün də insanı heyrətləndirir. 1980-ci illərin sonlarına doğru Sovet İttifaqının hərbi-sənaye kompleksi ölkənin ÜDM-nin 25 faizinə qədərini istehsal edib. Bir anlıq düşünün: bütün iqtisadiyyatın dörddə biri heç vaxt baş verməyən bir müharibəyə hazırlıq üçün çalışıb. “Müdafiə sənayesi”ndə ən yaxşı zəkalar, ən peşəkar kadrlar və bütün elmi-texniki işləmələrin 75 faizə qədəri cəmlənib. Bu, adi vətəndaş sektorunun isə yalnız qalan kiçik payla kifayətləndiyi halda, ölkənin “qalxanını” yaradan elita olub. Ordu təkcə pul deyil, həm də insan resursları tələb edib.
1945-ci ilin mayında silah altında 11,4 milyon insan olub. Hətta nisbətən sakit hesab olunan 1970-ci illərdə belə orduda 4,2 milyon nəfər xidmət edib. Özü də, əmək qabiliyyətli yaşda olan bütün kişilərin təxminən 5 faizi. Ölkəni qoruyan nəhəng sayda sağlam və güclü insanlar olub, lakin onlar ölkəni ərzaqla təmin etməyiblər. 1980-ci illərin sonlarına doğru SSRİ-nin arsenalında 50 mindən çox tank və 60 min zirehli transportyor və piyada döyüş maşını olub. Bu, inanılmaz hərbi güc olsa da, tankı süfrəyə düzmək, güllədən çörək hazırlamaq mümkün olmayıb.

Faciə ondan ibarət olub ki, müdafiə texnologiyalarının mülki sahəyə keçidi minimum səviyyədə olub. Qərbdə hərbi layihələr çox vaxt istehlak bazarının inkişafına təkan verən amilə çevrildiyi halda, SSRİ-də “müdafiə sənayesi” dövlət daxilində qapalı bir dövlət kimi fəaliyyət göstərib. “Ya onlar bizi, ya da biz onları” prinsipi silahların ən yüksək keyfiyyətlə hazırlanmasını təmin edib, unikal elmi məktəblər yaradıb və dəqiq elmlər sahəsində ölkəyə dünyanın ən qabaqcıl mövqelərindən birini qazandırıb. Lakin bütün bu nailiyyətlərin və parlaq texnoloji uğurların əvəzində ölkə cəmiyyətin ən güclü və ən bacarıqlı qüvvələrini müharibəyə hazırlıq üçün səfərbər etmək bahasına ödəyib. “Soyuq müharibə”nin ən dəhşətli qiyməti rublla deyil, ömür illəri ilə ölçülüb. SSRİ-də həyat səviyyəsi 1950–1960-cı illərdə yüksəlib – bu dövr “iqtisadi möcüzə” və müəyyən mənada orta təbəqənin formalaşması dövrü olub. Lakin 1970-ci illərin ortalarına doğru durğunluq başlayıb.
Demoqrafik göstəricilər bunu açıq şəkildə göstərib. 1946–1965-ci illər arasında SSRİ-də orta ömür uzunluğu sürətlə artıb: kişilər üçün 46,8 ildən 64,5 ilə, qadınlar üçün isə 56,7 ildən 73,3 ilə yüksəlib. Lakin bundan sonra geriləmə başlayıb. 1980-ci ilə gəldikdə kişilər orta hesabla cəmi 61,4 il yaşayıblar. Eyni dövrdə ABŞ və Almaniyada – orta ömür uzunluğu davamlı şəkildə artıb, 1980-ci illərin ortalarında 74 ili keçib. Silahlanma yarışının qiyməti isə insanlardan ibarət olub: resurslar başqa cür bölüşdürülmüş olsaydı, bəlkə də minlərlə, milyonlarla insan daha 4–5 il artıq yaşaya bilərdi.

Sənayedə istehlak mallarının (“B qrupu”nun) payı davamlı şəkildə azalıb: 1946-cı ildəki 34 faizdən 1986-cı ildə cəmi 24 faizə düşüb. Ölkə getdikcə daha çox polad, kömür və gübrə istehsal edib – bunlar istənilən anda hərbi mexanizmin bir hissəsinə çevrilə bilən ikili təyinatlı xammal olub. Hələ 1920-ci illərdən etibarən traktorlar və avtomobillər elə layihələndirilib ki, onların ayrı-ayrı hissələrindən tanklarda və təyyarələrdə istifadə etmək mümkün olsun. Mülki müəssisələrin də həmişə bir növ “hərbi siması” olub.
Lakin peyklər buraxan və atom buzqıran gəmilər inşa edən bir ölkədə ərzaq qıtlığı yaranıb. Kağız üzərində vəziyyət o qədər də pis görünməyib: süd və kartof kifayət qədər istehsal olunub, hətta bəzi göstəricilərə görə ABŞ və AFR-dən (Qərbi Almaniyadan) daha çox olub. Lakin ət, meyvə və giləmeyvə məsələsində ciddi problemlər yaranıb. 1980-ci ildə hər 200 nəfərə cəmi bir minik avtomobili istehsal olunub – həm keyfiyyət, həm də kəmiyyət çatışmazlığı xroniki hala çevrilib. Məhz burada sovet sisteminin təəccüblü paradoksu ortaya çıxıb. Ölkənin 600 milyon hektar kənd təsərrüfatı torpağından vətəndaşların şəxsi təsərrüfatlarının payına cəmi 9,1 milyon hektar düşüb – yəni torpaqların cəmi 1,5 faizi. Lakin insanlar məhz bu kiçik sahələrdə ölkədəki bütün inəklərin 30 faizindən çoxunu saxlayıb və ümumi kartof istehsalının yarısından çoxunu təmin ediblər. Bu torpaqların cəmi 1,5 faizi ölkənin ət və süd məhsullarının 27 faizini, meyvə və giləmeyvələrin isə 52 faizini verib.

Vaxtilə çar Rusiyası dünyanı taxılla təmin edib, SSRİ isə əksinə, taxılın ən böyük idxalçılarından birinə çevrilib və illik məhsulun dörddə birinə qədərini ABŞ və Kanadadan alıb. Təbliğat nailiyyətlərdən danışdığı halda, real həyat növbələrdən və talonlardan ibarət olub. Kazanda ərzaq kartları hələ 1979-cu ildə, Sverdlovsk və Volqoqradda isə 1980-ci illərin əvvəlində tətbiq olunub. Qarabaşaq yalnız şəkərli diabet xəstələri üçün verilən arayışla satılıb, üçlitrlik xiyar bankaları isə mağaza rəflərində, demək olar ki, yeganə sabit tapılan məhsul olub.
“Soyuq müharibə”, inzibati və həddindən artıq mərkəzləşdirilmiş iqtisadi model ilə birlikdə normal həyat qurmaq yolunu bağlayıb. Resursların çox böyük hissəsi “mülki sahədən” yan keçərək hərbi məqsədlərə yönəlib. 1980-ci illərin sonunda hərbi istehsalın mülki sahəyə keçirilməsi (konversiya) cəhdi uğursuz olub. Odur ki, insanların həyat səviyyəsindən narazılığı Sovet İttifaqının dağılmasının əsas səbəblərindən birinə çevrilib.
İlkin Nəcəf









