Əməkdar artist Sevda Ələkbərzadə hər kəsin süni intellektlə hazırlanmış mahnıları dinlədiyini bildirərək gileylənib.
Tribuna.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Hara gedirsən hər yerdə robot (süni intellekt ) oxuyur, bezdim vallah…”, – müğənni paylaşımında bildirib.
Çox keçmədən Mətbuat Şurasının sədri Rəşad Məcid sənətçinin fikirlərinə münasibət bildirib.
“Sevda Ələkbərzadə qeyri-adi səsi, özünəməxsus tembri, məşhur mahnıları fərqli improvizələrlə təqdim etməsi və fərqli ifa tərzi ilə hər zaman sevilib, böyük rəğbət qazanıb. Süni intellekt Sevda Ələkbərzadəni əvəz edə bilərmi?
Sevimli müğənnimiz, Əməkdar artist Sevda Ələkbərzadənin süni intellektlə bağlı narahatlıq doğuran fikirlərini sosial mediadan oxudum. Onun səsi insan ruhunun ən incə tellərinə toxunan, duyğuları riqqətə gətirən nadir səslərdəndir.
Mən əminəm ki, heç bir süni intellekt onun füsunkar səsini, sənətkarlığını və ifa ruhunu əvəz edə bilməz. Bu mənada belə əvəzolunmaz səs sahibinin zövqləri primitivləşdirən, bayağılıq aşılayan süni intellekt ifalarından narahatlıq keçirməsi düşündürücüdür.
Ola bilər, Sevda xanımın fikirləri ilk baxışda kiməsə sadə bir giley kimi görünsün. Amma bu sözlərin arxasında sənətin gələcəyi ilə bağlı ciddi və üzərində düşünməli bir sual dayanır: süni intellektin meydan suladığı indiki dövrdə insanın yaratdığı sənət öz yerini qoruyub saxlaya biləcəkmi?”, – R.Məcid vurğulayıb.









