Elmə və alimə dəyər verməyən ölkələr inkişaf edəcəklərinə ümid etməsinlər (Volter).
Tribuna.az dosent İlham Əhmədovun yazısını təqdim edir.
35 illik tariximiz Volterin haqlı olduğunu sübut etdi. Ölkədə iqtisadi artımın 0-a enməsi neft hasilatının azalması ilə deyil, elmə, təhsilə, insan kapitalına sözdə “hə”, əməldə “yox” deməyimizlə, bu sahələri çox cüzi maliyyələşdirilməyimizlə əlaqəlidir.
Qlobal İnnovasiya, patent, startap, universitet reytinqlərində son pillələrdə olmağımız da bu səbəbdəndir. Elmə təhlükə elmə aidiyyatı olmayanların elmə rəhbərlik etməsidir. Onlar əvvəlcə akademiya sistemini dağıtdılar, amma akademik elmi universitet elminə inteqrasiya edə bilmədilər. İndi də elmlər akademiyasını regionlara köçürmək (sürgün etmək) istəyirlər. Bu çox absurd ideyadır.
Dünya bilik əsaslı iqtisadiyyat qurarkən, biz uzun illər ərzində tədricın zəiflədilmiş elmə son zərbəni vururuq? Hətta bəzi akademiklər də bu ideyanı dəstəkləyirlər.
Zatən akademiyanı dağıtmağın əsas hədəfi də bu idi: AMEA- nın əmlaklarını hansısa oliqarxlar özlləşdirmək istəyirlər.
Elmin inkişafına on illərlə pul yoxdur dedik, amma indi elmin şəhərdən regionlara köçürülməsi və regionlarda yeni binalar, alimlərə evlər tikməyə pul tapılır?
Bəlkə heç alimlərə ev də tikilməyəcək? Bəlkə deyiləcək ki, cüzi maaşınızın yarısını verin, orda kirayədə yaşayın, ya da işdən çıxın, yerinizə kəndlərdə işsiz qalan fermerləri və sağıcıları elmi işçi kimi işə qəbul edərik?
Ölkədə innovativ iqtisadiyyat qurmaq, rəqəmsal inkişaf etmək istəyiriksə, insan kapitalına dəyər veririksə, regionun lideri olmaq istəyitiksə, elmə və alimə qarşı belə həqarətli münasibət anlaşılmazdır.
Dünya rəqəmsal elm, platforma elmi, virtual və şəbəkələnmiş elmi labratoriyalardan danışır, süni intellekti inkişaf etdirir, biz isə elm və təhsilə, alimə süni problemlər yaradırıq.
Biz maliyyəsizlık səbəbi ilə elmi 35 il davamlı olaraq çökdürüb, indi də elmi və alimi əyalətə sürgün edirik?
Bu ideyanın müəllifləri elm və təhsilin milli təhlükəsizliyin və iqtisadi potensialın əsası olduğunu unudublarmı?
Yoxsa, müasir, mürəkkəb dünyada milli təhlükəsizlik məsələləri onları heç narahat etmir?









