Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov 9 ildir yaşadığı evə qeydiyyata düşə bilmir.
Tribuna.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya onun özü məlumat verib.
Xanəndə deyib ki, məsələ ilə bağlı müraciət etmədiyi yer qalmayıb:
“Moskva” prospektində yerləşən “MAIN” yaşayış kompleksində yaşayıram. Burada 12 bina var, onun 5-nə çıxarış verilib, 7-nin çıxarışı yoxdur. 9 ildir bu problemlə yaşamaq məcburiyyətindəyik. Yorulmuşuq artıq, Belə dərd olar? Yaşadığımız evə qeydiyyata düşə bilməmək nə deməkdir? Mənzili 9 ildir bizdədir, 6 ildir yaşayırıq. Hər il deyirlər ki, bu il evə çıxarış veriləcək, amma il başa çatır, çıxarış yoxdur. Bu səbəbdən də qeydiyyata düşə bilmirik. Nə edək?”
Qəzənfər Abbasov vaxtilə yaşadığı və daha sonra satdığı evdə hələ də qeydiyyatda olduğunu bildirib:
“Ev sahibi zəng edib ki, səni evimdən qeydiyyatdan çıxarıram. Haqqı da var, əmlak onundur. Biz nə edək, hara qeydiyyata düşək? Bu gün qeydiyyatda olmasan, əlin heç yerə çatmır. Buradan aidiyyəti orqanlara müraciət edirəm. Mənim evimin çıxarışının alınmasına kömək olunsun. Qeydiyyatsız vətəndaş olar? Mən niyə öz ölkəmdə qeydiyyatsız yaşamalıyam? Sabah ailədə bir şey olsa, əlim heç yana çatmayacaq?”
Qeyd edək ki, həmin ev Qəzənfər Abbasova dövlət başçısı tərəfindən hədiyyə olunub.









