Bakı Şəhər və Nəsimi Rayon icra hakimiyyətləri tərəfindən aparılan abadlıq və yenidənqurma işləri sırasında 700 sakinin yaşadığı 1-ci mikrorayon Moskva prospekti, 68, 72 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.Tribuna.az xəbər verir ki, layihəyə uyğun olaraq, binaların fasadları və dam örtükləri əsaslı təmir edilib, yağış suları axıdan yeni borular və navalçalar quraşdırılıb. Binaların 8 ədəd giriş qapısı və pilləkən sahəsində 32 ədəd pəncərə dəyişdirilib.
Görülmüş işlər çərçivəsində binanın həyətinə asfalt vurulub. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, tullantılar üçün kiçik zibil qutuları qoyulub. Həyətdə sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılıb. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Abadlaşdırılan ərazidə yeni yaşıllıq zolağı salınıb, 100 ədəd şam ağacı və 400 müxtəlif növ mövsümi gül kolları əkilib, 200 p/m suvarma xətti çəkilib. Həyətdə işıqlandırma sistemləri və təhlükəsizlik kameraları quraşdırılıb, avtomobillər üçün parklanma yeri yaradılıb.












