Təhsil ekspertləri “İdrak” liseyində baş verən hadisəyə münasibət bildirdi

Təhsil ekspertləri “İdrak” liseyində baş verən hadisəyə münasibət bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güllə təkcə Şəhla müəlliməyə deyil, bütün Azərbaycan müəllimlərinə, Azərbaycan təhsilinə dəydi.

Tribuna.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elçin Əfəndiuev bu gün “İdrak” liseyində baş verən hadisə ilə bağlı danışarkən deyib.

O bildirib ki, bundan sonra daha da pis olacaq:

“Çünki bu vaxta kimi müəllimlərə təzyiq çox idi, müəllim şagirdə söz deyə bilmirdi. İndi isə hər bir müəllim daha diqqətli rəftara üstünlük verəcək.

Bu isə həmin şagird düşüncəsində olanların əl-ayaqlarını daha da geniş açmaları ilə nəticələnəcək.

İtirən Azərbaycan təhsili olacaq”.

Dosent, ali təhsil üzrə ekspert İlham Əhmədov isə bildirib ki, müəllimlərə qarşı mənəvi terror 5 ildir davam edirdi, ilk güllə isə bu gün açıldı:

“Mətbuat yazır ki, müəllimə atılan güllə, bütün Azərbaycan təhsilinə atılan güllədir. Bu gecikmiş etirafdır.
Bu terror hadisəsi istənilən məktəbdə və istənilən müəllimə qarşı ola bilərdi.

Müəllimə atəş bu gün atılmayıb. Müəllimləri təhsilə və məktəbə heç bir aidiyyatı olmayan, təsadüfi menecerlər topa tutanda, ələ salanda, davamlı olaraq nüfuzdan salanda, müəllimin belə aqibəti gözlənilən idi.

Müəllimlərimizə yönəli 5 il davam edən top atəşinin, maddi və mənəvi sıxıntıların davamında bu güllə atəşi təbiidir.

Allah müəllimləri və təhsilimizi daha betər şagirdlərdən və naşı menecerlərdən qorusun. Bu müəllimə qarşı son hücum və atılan sonuncu güllə olsun”.

Nigar İxtiyarqızı