Keçmiş CIA rəhbəri: Səfərbərlik Rusiyanı xilas etməyəcək

Keçmiş CIA rəhbəri: Səfərbərlik Rusiyanı xilas etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hələ Ukraynanın əsas şəhərlərinə belə çata bilməyib

Rusiyanın həm iqtisadi, həm də insan resursları baxımından Ukraynadan əhəmiyyətli üstünlüyə malik olmasına baxmayaraq, Vladimir Putin hətta ölkədə səfərbərlik elan edilsə belə, hərbi məqsədlərinə nail ola bilməyəcək.

Tribuna.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru Devid Petreus “RBK-Ukrayna”ya müsahibəsində bildirib.

“Onlar hələ möhkəmləndirilmiş şəhərlərə çatmayıblar. Slavyanska belə gəlib çıxmayıblar. Baxmayaraq ki, orada olduqlarını iddia edir və bunu müxtəlif yollarla sübut etməyə çalışırlar. Amma bu, baş vermir”, – Petreus deyib.

Onun sözlərinə görə, hazırda general Mixaylo Drapatının rəhbərliyi ilə cəbhədə müəyyən yenidən qruplaşma aparılır.

“Bu, mənim fikrimcə, çox düzgün addımdır – qoşun qruplaşmalarının yaradılması… Tutaq ki, onların daha 100-200 min nəfər hərbçisi var. Bu, uğuru təmin edirmi? Xeyr”, – keçmiş CIA direktoru bildirib.

Petreus eyni zamanda Rusiyaya qarşı təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hazırda müharibə tərəflərin bir-birini resurs baxımından tükətməsinə yönələn mərhələyə keçir.

O, Rusiyaya təzyiq vasitələri sırasında Ukrayna Müdafiə Qüvvələrinin Rusiya ərazisinə uzaqmənzilli zərbələrini və Qərbin iqtisadi təzyiqini qeyd edib.

“Əgər Rusiya iqtisadiyyatına, xüsusilə Lindsi Qreminq təklif etdiyi və ABŞ Nümayəndələr Palatası tərəfindən operativ şəkildə təsdiqlənməli olan sanksiyalar paketi ilə təzyiqi artırmaq mümkün olsa, bütün bunlara yuxarıda qeyd etdiklərimizi də əlavə etsək, Rusiya böyük təzyiq altında qalacaq.

Müəyyən məqamda elə bir hədd yaranır ki, Putin başa düşməlidir: əvvəllər səfərbər etdiyi qüvvələrin hamısını, əlavə olaraq daha 100 min və ya 200 min əsgəri səfərbər edə bilər, amma bu, onun hətta taktiki məqsədlərinə belə çatmasına imkan verməyəcək”, – Petreus əlavə edib.

İmran Kərimli