Həsən Əliyev küçəsində tikinti xaosu: Tələbələr təhlükədə (VIDEO)

Həsən Əliyev küçəsində tikinti xaosu: Tələbələr təhlükədə (VIDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparılan tikintilərin yaratdığı təsirlər əvvəlcədən qiymətləndirilməli və minimuma endirilməlidir. Xüsusilə universitetlərin yerləşdiyi belə ərazilərdə piyada təhlükəsizliyi və əlçatanlıq prioritet olmalıdır.

Tribuna.az xəbər verir ki, bu sözləri şəhərsalma üzrə mütəxəssis Rauf Mirzəyev bildirib. O qeyd edib ki, tikinti illərlə davam edə bilər, amma mobillik dayanmamalıdır:

“Həsən Əliyev küçəsinin Koroğlu metro stansiyası ilə əlaqələndirilməsi layihəsi çərçivəsində ərazidə uzun müddətdir tikinti və kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.

Dünən yayılan videolarda isə Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binası istiqamətində tələbələrin ensiz və narahat yoldan çətinliklə hərəkət etdiyi görünür. Ərazidə Bakı Avrasiya Universiteti də yerləşir.

Layihənin müxtəlif səbəblərdən uzanması mümkündür. Lakin tikinti dövründə mobilliyin və logistikanın təşkili layihənin özünün bir hissəsi kimi nəzərdən keçirilməlidir.

Burada söhbət yalnız avtomobillər üçün keçid saxlamaqdan getmir.

Tikinti müddətində:

təhlükəsiz və fasiləsiz piyada marşrutu;

ərazidə yaşayanlar üçün servis və giriş-çıxış imkanları;

ictimai nəqliyyatın fasiləsiz hərəkəti;

tikinti texnikası və materiallarının hərəkətinin düzgün təşkili;

müvəqqəti yol və piyada sxemlərinin aydın nişanlandırılması təmin edilməlidir.

Layihə uzana bilər, amma insanın gündəlik hərəkəti gözləməməlidir.

Tikintinin yaratdığı təsirlər əvvəlcədən qiymətləndirilməli və minimuma endirilməlidir. Xüsusilə universitetlərin yerləşdiyi belə ərazilərdə piyada təhlükəsizliyi və əlçatanlıq prioritet olmalıdır”.

Nigar İxtiyarqızı