Bu gün həftənin şənbə günüdür. İndi hansı böyük alış-veriş mərkəzinə getsəniz, orda insan seli ilə qarşılaşacaqsız. Bir tərəfdən yaxınlaşmaqda olan yeni dərs ili üçün alış-verişlər, digər tərəfdən yay sonu endirimləri… Amma mütəxəssislər məsləhət görür ki, böyük alış-veriş mərkəzlərinə(AVM) getmədən öncə bəzi psixoloji nüansları yaddan çıxarmayasınız.
Musavat.com Türkiyənin “Hürriyyet” qəzetinə istinadən oxucular üçün maraqlı olacaq həmin məqamları nəzərə çatdırır.
1.Bəyəndiyiniz bir malı görəndə almayın. Bir az gözləyin və ona həqiqətən ehtiyacınız olub-olmadığını düşünün. Və ya mağaza işçilərindən bəyəndiyiniz malı sizin üçün ayırıb saxlamalarını xahiş edin. Əgər bir neçə gün sonra o malı hələ də almaq istəyirsinizsə, o zaman alın.
2. Özünüzə hər ay bir alış-veriş büdcəsi hazırlayın və büdcəni əsla zorlamayın, aşmayın.
3. İki həftə içində etdiyiniz bütün alış-veriş xərclərini bir kənara yazın. Bu, sizin alış-verişə nə qədər çox pul xərclədiyinizi görmənizə səbəb olacaq.
4. Kredit karınızın(əgər varsa) limitini aşağı salın. Psixoloqlar düşünür ki, deyilən məsləhətlərə əməl edənlər tez bir zamanda sözügedən xəstəliyin pəncələrindən də qurtula biləcək.
Psixoloqlar onu da araşdırıb ki, iri alış-veriş mərkəzləri müştərilərin daha çox cəlb edilməsi üçün xüsusi hiylələr tətbiq edirlər və bu zaman mütəxəssis yardımından istifadə edirlər. Sonuncular elmi erqonomiya adlı sahəni təmsil edirlər və insanların alış-veriş zamanı necə düşündüyü, necə reaksiya verdiyi barədə dinamikalar üzərində işləyir. İlk təsbit: İnsanların çoxu solaxay olmadıqları üçün alış-veriş mərkəzlərinə girərkən öncə sağ tərəfə yönəlirlər. Buna görə də böyük mağazaların əksəriyyəti sağ tərəfdə yerləşdirilir. 2. Soyunma kabinələrini qəsdən mağazanın sonunda yerləşdirirlər ki, ora çatana qədər müştəri gözünə dəyən bir neçə qiyafəni də geyinmək üçün götürsün. 3. Market arabaları qəsdən böyük hazırlanır ki, insan hər dəfə ona baxdıqca guya az alver etməsi ilə bağlı təəssürata qapılsın.
4. Mağazalarda iri aynaları həm də ona görə qoyurlar ki, alış-veriş etmək istəməyən insan belə orada özünə və ətrafındakı geyim-gecimli insanlara baxıb kompleksə düşsün, nəticədə isə özünə paltar alsın. 5. Reklam kampaniyalarındakı “fürsəti qaçırmayın”, “70 faiz” endirim kimi çağırışlar da insanı dərhal nəsə almağa təşviq edir.
SAHİB OLMA EHTİRASI – ALIŞ-VERİŞ XƏSTƏLƏRİNİN ƏSAS ZƏİFLİYİ
Araşdırmalar üzə çıxarır ki, alış-veriş bir çox hallarda hirs və əsəbdən yox, o an üçün hiss etdiyin ağrını azaltmaq ehtiyacından yaranır. Üzüntü duyan insan bir qayda olaraq hislərinə nəzarət edə bilmir. Çünki üzüntü yaşayan insanlar adətən kədərlərinin qaynağını başqaları ilə, ya da şansla açıqlamağa daha meyilli olurlar. Bu səbəbdən də alış-veriş də bu itirilən nəzarət hissini yenidən bərpa etmək məqsədi daşıyır.
Beyin kimyası baxımından nəzərə alanda isə alış-veriş zamanı seraton – xoşbəxtlik hormonunun da miqdarı artır. Maraqlıdır ki, həyatımızda bir çox əməllər əslində bu seraton təsiri yaradır. Məsələn, gün işığı, idman, ya da masaj. Amma eyni zamanda qazanmaq, sahib olmaq da buna bənzər təsir göstərir. Depressiya zamanı insanlar daha çox itki hissini yaşayır və alış-veriş o itkini sanki geri qaytarır. Bu səbəblə də bir çox insan, xüsusən də qadınlar darıxanda, ya da depressiyaya düşəndə alış-verişə yönlənirlər.
Sözügedən xəstəliyin daşıyıcıları böyük əksəriyyətdə qadınlardır. Onların bu xəstəliyi daşımaları cəmiyyətdə normal qəbul olunur. Bu, təxminən kişilərin birdən artıq qadınla eyni vaxtda münasibət qurmasına bənzəyir. Sonuncu variantda “kişidir, edə bilər” deyilirsə, qadınlara da eyni anlayış göstərilir.
Alimlər onu da müəyyənləşdirib ki, bu xəstəliyə düşməyin də xüsusi səbəbləri var. Bunlardan biri sahib olma ehtirasıdır. Bu xəstəliyin daşıyıcıları “pulum var, ya yox. Ehtiyacım var, yoxsa yox” kimi suallar ətrafında düşünmürlər. Onlar gördükləri, bəyəndikləri hər şeyi satın alırlar. Özlərinə yeni bir şey almayanda isə insanlar özlərini pis hiss edir, sıxıntı keçirir, hətta depressiyaya düşürlər.
Xəstəliyi yaradan ikinci səbəb isə insanda yaranan dəyərsizlik hissidir. Daha dəqiq ifadə etsək, dəyərsizlik, yalnızlıq, acıq, yasaqlanma kimi neqativ duyğular da alış-veriş xəstəliyinə yol aça bilər. Məhz bu səbəbdən bəzi insanlar alış-veriş edərək, özlərini dəyərli hiss edirlər. İnsan satın aldıqlarının ona dəyər qatacağına, güclülük hissi verəcəyinə inanır. Ancaq istədiyi şeyləri aldığı zaman ilk andakı həzz xaricində xəyal etdiyi hissi yaxalaya bilməyəndə dəyərsizlik hissi bu dəfə daha ağır şəkildə geri qayıdır. Bu zaman vəziyyət daha da qəlizləşir. İnsan o ilk andakı alış-veriş həzzini yenidən yaşamaq üçün gedərək artan bir sürətlə mağazalara hücum edir.
XƏSTƏLİYİ QƏBUL ETMƏSƏN, SAĞALA BİLMƏZSƏN
Hər dərdin bir dərmanı var, şübhəsiz. Həkimlər müəyyənləşdirir ki, öncə bu davranışın altında yatan səbəblər həll edilməlidir. Müalicə üçün ilk addım heç şübhəsiz ki, bunun xəstəlik kimi qəbul edilməsidir. Əgər şəxs bunun xəstəlik yox, normal həyat tərzi, xobbi, zövq olduğunu iddia edirsə, müalicədən əlini üzsün. Qəbul edən şəxs isə psixoloqa müraciət edə bilər. Sonuncunu özünə rəva bilməyənlər isə praktik məsləhətlərə baş vursun. Bunlardan birincisi bayıra çıxanda kredit kartlarını götürməmək və ya pulqabına az pul qoymaq ola bilər. Bundan başqa, həyatın başqa sahələrində vaxt keçirmək də çıxış yolu ola bilər. Yemək, tikiş, rəsm… kursları ilə maraqlanmaq həm də zövqün kosmetik dəyişikliyi sayıla bilər.
Psixoloqlar alış-veriş xəstələrinə məsləhət görür ki, normadan artıq bazarlıq etdikləri zaman yaşadıqları suçluluq duyğusunu yaddan çıxarmasınlar. Çünki bu da onları narahat edir. Sözügedən duyğunun yaranmasına isə maddi problemlər səbəb olur: sən nə qədər məntiqsiz şəkildə alver edirsənsə, o qədər də büdcənə ziyan vurursan.
Psixoterapiya sübut edilib ki, əslində alış-veriş etdikdən sonra insanın içində yaranan boşluq dolmur. Bu, müvəqqəti və aldadıcı bir xoşbəxtlik duyğusudur. Əslində bu insanların özlərini yaxşı hiss etmələri üçün iradəyə yox, sözlərə ehiyacları var. Doğrudur, bu insanlar öz ehtiyaclarını maddi olaraq qarşılaya bilirlər. Amma sonradan çox yemək yeyib, bundan utanan insanlar kimi hiss edirlər özlərini. Çünki heç aldıqları şeylərdən də istifadə etmirlər. Onlar şkafda qalır.









