Heç biri bunu gözləmirdi – Bir anda PULSUZ qaldılar

Heç biri bunu gözləmirdi – Bir anda PULSUZ qaldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə istifadəyə verilən FAST ani ödəniş sistemi vasitəsilə QR kodla ödəniş etməyə çalışan yüz minlərlə rus turist gözlənilməz problemlə üzləşib. Məlumata görə, Rusiya bankalarının avtomatik təhlükəsizlik sistemləri bu əməliyyatları şübhəli hesab edərək müştərilərin hesablarını müvəqqəti bloklayır. Nəticədə turistlər hesablarında vəsait olsa da, pulsuz qalır, alış-veriş və digər ödənişləri həyata keçirə bilmirlər.

 Tribuna.az xəbər verir ki, hadisələrin 2026-cı ilin aprelindən etibarən Türkiyədə istifadəyə verilən FAST sistemi ilə bağlı olduğu bildirilir. Rus turistlər Antalya, İstanbul və digər turizm bölgələrində QR kod vasitəsilə ödəniş etməyə çalışarkən bank hesablarının təhlükəsizlik məqsədilə dondurulduğunu və bir müddət pullarına çıxış imkanını itirdiklərini deyirlər.

Rusiyanın “Sber” bankının müştəriləri bildiriblər ki, ödəniş zamanı başqa bankın səhifəsinə yönləndirildikdən sonra əməliyyatlar 24 saata qədər dayandırılır. Digər bankların müştəriləri isə SMS və ya tətbiq bildirişi almadıqlarını, hesablarından pul çıxılsa da, ödənişin ticarət obyektində təsdiqlənmədiyini qeyd ediblər.

Antalyada otel sahibi Mahmut Dikbaş da bəzi obyektlərdə rus bankaları ilə ödənişlərin problemsiz həyata keçirildiyini, lakin çoxsaylı müəssisələrdə sistemin ödənişləri rədd etdiyini təsdiqləyib.

“Sber” bankı FAST sistemi üzərindən həyata keçirilən bəzi ödənişlərin təhlükəsizlik məqsədilə dayandırıldığını bildirib. Bankın açıqlamasına görə, son dövrlər artan dələduzluq halları səbəbindən əlavə təhlükəsizlik mexanizmləri işə salınıb. Müştərilərə ödənişi 24 saat sonra yenidən sınamaq, zərurət yaranarsa isə alternativ ödəniş üsullarından istifadə etmək tövsiyə olunur.

Mütəxəssislərin sözlərinə görə, xarici ölkədə qeyri-adi IP ünvanından daxil olmaq, ilk dəfə yeni ödəniş üsulundan istifadə etmək və ya naməlum alıcıya vəsait göndərmək bankların dələduzluğa qarşı avtomatik qoruma sistemlərini işə sala bilər. Bu isə turistlərin hesablarında kifayət qədər pul olsa belə, ödəniş edə bilməməsinə səbəb olur.

Musavat.com