Qurani-Kərimdə bəzi bitkilərin adı xüsusi şəkildə çəkilir. Onlardan biri də əncirdir. Hətta Qurani-Kərimdə “Tin” surəsi ilə əncirə and içilir. Bu isə əncirin həm simvolik, həm də mənəvi dəyəri olduğunu göstərir.
Lakin xalq arasında belə bir inanc da mövcuddur ki, əncir ağacını evə yaxın əkmək məsləhət deyil, guya onun altında cinlər toplaşır və bu, ev üçün xeyirli sayılmır.
Bu məsələ dini baxımdan nə dərəcədə əsaslıdır? Bu inancın İslamda yeri varmı, yoxsa daha çox folklor və xurafat elementidir?
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, Qurani Kərimdə bəzi nemətlərin adı xüsusi şəkildə çəkilir və bu təsadüfi deyil.
İlahiyyatçının sözlərinə görə, Allahın yaratdığı hər şey nemətdir, amma bəzi nemətlərə diqqət ayrıca yönəldilir ki, insan həm maddi, həm də mənəvi dəyəri anlasın. “Tin” surəsində Uca Allah əncirə and içir. Qurani Kərimdə bir şeyə and içilməsi onun əhəmiyyətini göstərir. Təfsir alimləri, o cümlədən İbn Kəsir və Fəxrəddin Razi bu ayəni şərh edərkən bildirirlər ki, burada əncir həm konkret meyvə kimi, həm də ilahi nemət kimi təqdim olunur. Allahın and içdiyi bir neməti mənfi və qorxulu mənbə kimi təqdim etmək məntiqə də, dinə də uyğun deyil.
“Bəzən xalq arasında belə bir fikir yayılıb ki, guya əncir ağacını evə yaxın əkmək olmaz, onun altında cinlər toplaşır və bu ev üçün xeyirli deyil. Açıq demək lazımdır ki, bu iddianın nə Quranda, nə səhih hədislərdə, nə də mötəbər fiqh və əqidə mənbələrində əsası yoxdur. Qurani Kərim cinlərin varlığını təsdiq edir, lakin hər hansı ağac növünün xüsusi şəkildə cinlərlə əlaqələndirilməsi barədə heç bir dəlil yoxdur. İbn Teymiyyə və digər alimlər cinlərin mövcudluğunu qəbul etsələr də, müəyyən ağacları xüsusi olaraq cin məkanı kimi təqdim etməmişlər. Dində hökm vermək üçün açıq dəlil lazımdır. Əşyada əsil olan isə ibahədir, yəni bir şeyin haram və ya təhlükəli sayılması üçün qəti sübut olmalıdır.
Tarixən müxtəlif xalqlarda bəzi ağaclara mistik məna yüklənib. Bu daha çox folklor və mədəni təsəvvürlərlə bağlıdır. Zaman keçdikcə bu təsəvvürlər dini anlayışla qarışdırılıb və nəticədə xurafat formalaşıb. Din isə xurafatı deyil, dəlili əsas götürür. Qorxu ilə iman eyni şey deyil. İman anlayış üzərində qurulur.
Müasir elmi baxımdan da əncir ağacının metafizik təhlükə daşıması barədə heç bir əsas yoxdur”, – deyə Əkrəm Həsənov əlavə edib.
İlahiyyatçı qeyd edib:
“Əncir ağacının kök sistemi geniş yayıla bilər və tikiliyə çox yaxın əkilərsə divara zərər verə bilər. Bu isə dini məsələ deyil, aqrotexniki məsələdir. Eyni hal digər ağaclar üçün də keçərlidir. Meyvənin özü isə qida baxımından çox faydalıdır. Liflə zəngindir, həzm sisteminə müsbət təsir edir, antioksidant maddələr daşıyır. Bu gün tibbi araşdırmalar da bunu təsdiq edir.
Allahın halal etdiyi, Quranda adı çəkilən bir neməti əsassız qorxu ilə insanlara təhlükəli kimi təqdim etmək düzgün deyil. Əgər biz dini mənbə ilə folkloru ayırmağı bacarmasaq, cəmiyyətdə xurafat güclənər. Qurani Kərim insanı düşünməyə çağırır. Ağıl və vəhy bir-birinə zidd deyil. Əncir ağacı da Allahın yaratdığı digər ağaclar kimi bir nemətdir. Onu qorxu obyektinə çevirmək dini yanaşma deyil, mədəni stereotipin nəticəsidir. Din isə insanı qorxuya yox, şüurlu imana dəvət edir. Bəzən elə düşünülür ki, guya əncir ağacını kəsmək olmaz, günahdır və.s. bütün bu düşüncələr tamamilə əsassızdır və əgər əncir ağacı da digər ağaclar kimi hansısa şəkildə maneə yaradarsa digər ağacları kəsmək günah olmadığı kimi onu da kəsmək günah olmaz. Yəni, əgər ağac quruyarsa, yaxud hasara ağırlıq verərsə və.s. hallarda kəsilməsi zəruri durumlarda kəsmək olar”.
Dəniz Pənahova









