Hazırda bir qrup dələduz meydana gəlib. Bu cinayətkar qrup insanları “beh at” adıyla aldadıb pulunu mənimsəyir.
Tribuna.az xəbər verir ki, bu barədə keçmiş müstəntiq Müfiq Abbasov məlumat paylaşıb. O bildirib ki, bu dələduz dəstə şəhərdə ayrı-ayrı vətəndaşlara məxsus olan avtomobillərin şəklini çəkib internetə yerləşdirir və dəyərindən olduqca ucuz qiymətə satışa çıxarırlar:
“Avtomobil almaq istəyən şəxs bu məlumatı görür və dərhal elanda olan mobil nömrəyə zəng edir. Müştəri ilə telefonda danışan şəxs rayonda yaşadığını, yaxın adamının xəstə olduğunu və təcili pul lazım olduğu üçün avtomobili ucuz qiymətə satdığını bildirir. Bir az da saf insan təsürratı yaradan həmin şəxs başqa müştərilərin də olduğunu bildirərək zəng edən şəxsin beh atmasını sürətləndirir.
Alıcı avtomobili itirməmək üçün dələduz olan satıcıya 200-300 manat qədərində beh atmağa razı olur. Daha sonra isə alıcı avtomobilin olduğu rayona yollanır və ora çatanda danışdığı nömrəyə artıq zəng çatmır.
Məlum olur ki, həmin rayonda belə bir avtomobil heç yoxdur”.
M.Abbasov bildirib ki, bu yolla hazırda öıkəmizdə yüzlərlə adam aldadılıb:
“Bu cinayətkar şəbəkə xaricdən idarə olunduğu və aldadılıb alınan məbləğ 500 manatdan az olduğu üçün polisin onları məsuliyyətə cəlb etməsi də çətindir. Odur ki, insanlar bu məsələdə son dərəcədə diqqətli olmalıdır”.
Gülşən Rəsul










