Son zamanlar televiziya məkanında bədii-estetik meyarlara cavab verməyən, ictimai zövqlə uzlaşmayan çıxışların artdığı müşahidə edilir. Bu tendensiya fonunda bəzi telekanallar müəyyən ifaçıların və əyləncə proqramlarının efirə buraxılmasını məhdudlaşdırmaq qərarı verib.
Efir qadağası tətbiq etmək doğru yanaşmadır?
Bu barəd Tribuna.az-a açıqlama verən Milli Məclisin deputatı, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova bildirib ki, son illər efir məkanında müşahidə olunan bayağılıq təhlükəli vəziyyət almışdı. Görünür, hardansa başlamaq lazım idi. Çünki televiziya sadəcə əyləncə platforması deyil, o, zövqü formalaşdırır, davranış modeli təqdim edir.
Deputatın sözlərinə görə, bəzi ifaçıların və proqramların yayımdan kənarlaşdırılması senzura deyil, standartların tətbiqidir. Söz və yaradıcılıq azadlığı hüquqdur, amma hüquq heç vaxt məsuliyyətsiz davranışın sipəri ola bilməz.
“Azadlıq dəyərlərə hörmətsizlik etmək, ictimai məkanı ucuz şouya çevirmək imtiyazı vermir. Sənət cəmiyyəti yüksəltməlidir, instinktləri qızışdırmaqla deyil, zövqü incəltməklə yadda qalmalıdır.
Bu qərarların müsbət təsir göstərə biləcəyini göstərən təcrübələr az deyil. Keyfiyyət meyarları sərtləşdirilən məkanlarda prodüserlər və ifaçılar daha peşəkar komandalara üz tutur, canlı ifa, mətn keyfiyyəti, səhnə mədəniyyəti ön plana çıxır. Rəqabət səs-küyün həcmi ilə deyil, sənətkarlığın səviyyəsi ilə ölçülməyə başlayır”, — deyə Elnarə Akimova qeyd edib.
“Nəticədə bazar tədricən özünü tənzimləyir: uzunömürlü olanlar zəhmət və zövq üzərində qurulan işlər olur, ötəri qalmaqal isə gündəlik xəbərin ömrü qədər yaşayır.
“Qadağa yaradıcılığı boğur” arqumenti ilk baxışda cazibədardır, lakin reallıq daha mürəkkəbdir. Yaradıcılıq sərhədlər daxilində də çiçəklənə bilir, hətta çox vaxt məhz çərçivə sənətkarı daha orijinal həll axtarmağa məcbur edir. Teatrın, klassik musiqinin, poeziyanın ən parlaq nümunələri məhz intizam və estetik ölçü içində yaranıb. Sərhədsizlik çox vaxt dərinlik deyil, asan yol seçiminin sinoniminə çevrilir.
Efir ictimai razılaşmadır: tamaşaçı etibarını verir, media isə bu etibarı qorumağa borcludur. Əgər müəyyən kontent ardıcıl şəkildə etik normaları pozur, qadını və ya kişini obyektə çevirir, aqressiyanı və vulqar dili normallaşdırırsa, müdaxilə zərurətə çevrilir. Bu, kiminsə səsini susdurmaq deyil, hamının səsini daha təmiz mühitdə eşitmək cəhdidir.
Bayağılıqla mübarizə də həmçinin, zövq polisi yaratmaq demək deyil. Bu, keyfiyyətə üstünlük vermək, peşəkarlığı stimullaşdırmaq, gənc nəslə daha sağlam nümunələr təqdim etmək deməkdir. Sənət azad olmalıdır, amma azadlıq məsuliyyətsizliyin sinonimi deyil. Efir mədəniyyətinin qorunması cəmiyyətin özünə hörmətinin göstəricisidir və bu baxımdan müəyyən məhdudiyyətlər geri addım yox, irəliyə doğru zəruri addımdır”, — deputat sonda vurğulayıb.
Qəmər Feyzi









