UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ən məhsuldar futbolçusu Kilian Mbappe olub.
Tribuna.az xəbər verir ki, “Real Madrid”in hücumçusu turniri 15 qolla başa vuraraq bombardirlər siyahısının zirvəsində qərarlaşıb.
27 yaşlı fransalı futbolçu bununla da karyerasında ikinci dəfə Çempionlar Liqasının bombardiri adını qazanıb. Mbappe 11 oyunda vurduğu 15 qolla ən yaxın izləyicisi Harri Keyni qabaqlayıb. “Bavariya”nın hücumçusu mövsümü 14 qolla tamamlayıb.
Bombardirlər siyahısında növbəti yerləri hərəyə 10 qol vuran “Atletiko Madrid”in futbolçusu Xulian Alvares, “Nyukasl”ın üzvü Entoni Qordon və PSJ-nin gürcü ulduzu Xviça Kvaratsxeliya bölüşüblər.
Mbappe xüsusilə liqa mərhələsindəki çıxışı ilə diqqət çəkib. O, bu mərhələdə keçirdiyi yeddi oyunda 13 dəfə fərqlənərək, yeni rekord müəyyənləşdirib. Hücumçu “Marsel”, “Monako” və “Benfika” ilə görüşlərdə dubl edib, “Kayrat”la qarşılaşmada “het-trik”ə imza atıb. “Olimpiakos”a qarşı oyunda isə komandasının 4:3 hesablı qələbəsində bütün qolları məhz Mbappe vurub. Həmin matçda ilk üç qolu cəmi yeddi dəqiqə ərzində vuraraq, turnir tarixinin ən sürətli “het-trik”lərindən birini reallaşdırıb.
Dizindən aldığı zədə səbəbindən pley-off mərhələsinin iki oyununu buraxmasına baxmayaraq, Mbappe dörddəbir finalda “Bavariya” ilə hər iki görüşdə fərqlənərək mövsümdəki qol sayını 15-ə çatdırıb.
Çempionlar Liqasının tarixində bir mövsümdə bundan daha çox qol vuran yeganə futbolçu Kriştianu Ronaldudur. Portuqaliyalı ulduz 2013/2014 mövsümündə 17, 2015/2016 mövsümündə isə 16 qol vurub.
Harri Keyn isə yarımfinalda PSJ-yə qarşı keçirilən cavab matçında qol vuraraq turnirdə ardıcıl yeddi oyunda fərqlənməyi bacarıb və bununla da Çempionlar Liqasında bu uğura imza atan ilk ingilis futbolçu olub.









