“TV-lər niyə bu gündədir” sualının ən doğru cavabını şəkildə gördüyünüz şəxslər bilir. Qəribəsi odur ki, özlərini qlamur sayan bu şəxslər rəhbərlik etdikləri kanalları illərdir eybəcərlik, utanc meydanlarına döndəriblər.

Tribuna.az xəbər verir ki, bu fikirlərlə jurnalist Aygün Muradxanlı çıxış edib. O bildirib ki, azlıqları onlar çoxluğa çevirib millətin təpəsinə çıxarıblar:
“Xəbər adına yalan, mədəniyyət adına səviyyəsizlik onların məhsuludur. 10–12 kanalın toplam 5-6 ortabab proqramını örnək göstərib ağlanmaq işə yaramaz.
Bu gün TV-də şitlənənlərin çoxu ilk dəfə efir-ekran üzünü bu şəxslərin sayəsində görüblər.
İndi gəl onlara söz de…
Əllərində bu şəxslərin rəhbərlik etdikləri kanalların loqosu olan videolar tənqidçilərə şiniyib “siz kimsiz???, biz illərdir efirlərdə milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi təbliğ edən ustadlar, sənətkarlarıq” deyirlər.
Görün, bizi hara endiriblər…
Görün, tv-ləri nə günə qoyublar ki, sözdə vurğunun yerini bilməyən dil dərsi keçir, uşağını kimdən doğduğu yadına gəlməyən, arvadına “mən bir dostumla sevgiliyəm” etirafı edən mənəvi dəyərdən danışır, ömrünü işğalçıya milli düşüncə daşıyıcılarını çuğullamaqda keçirən geostrateji maraq dərsi verir, bazar “estetikası” musiqi mədəniyyətimizə meydan oxuyur.
İndi bu “qlamur”lar bir zəhmət çıxıb desinlər ki, illərdir tv-ləri bugünə qoymaq tapşırığını kimdən alıblar? Milyonlarla dövlət vəsaiti millətin şüurunu, mənəviyyatını yumağa necə sərf edilib?
Çünki…
Çünki dünyanın indiki son dərəcə həssas dönəmində iqtidarı TV kimi vacib təbliğat maşınından məhrum edənlərin kimliyi bilinməli, dövlətə, millətə vurduğu ziyanın qarşılığı misliylə ödənməlidir. Professional müzakirələr bundan sonranın işidir”.
Gülşən Rəsul









