Tribuna.az xəbər verir ki, səkkizqat “Qızıl top” mükafatçısı Lionel Messinin oktyabrın 26-da Londonda keçiriləcək təntənəli mərasimdə iştirak etməyəcəyi gözlənilir.
“The Touchline” nəşrinin yaydığı məlumata görə, argentinalı ulduzun mərasimə qatılmaması onun sıx oyun və səfər qrafiki ilə əlaqələndirilir.
“Diario SPORT”un məlumatına əsasən, İspaniyada olan Messi ABŞ-yə qayıtmalıdır. Çünki onun çıxış etdiyi “İnter Mayami” MLS çempionatının həlledici oyunlarına hazırlaşır. Uzunməsafəli uçuşun futbolçunun hazırlıq prosesinə təsir göstərə biləcəyi bildirilir.
Messinin mərasimdə iştirak edəcəyi və mükafatı yeni qalibə şəxsən təqdim edəcəyi barədə yayılan məlumatlar isə daha əvvəl təkzib edilmişdi. İnsayder Fabrisio Romano oktyabrın 13-də bu iddiaların doğru olmadığını bildirmişdi.
Qeyd edək ki, “Qızıl top” futbol dünyasının ən nüfuzlu fərdi mükafatlarından biridir. Lionel Messi bu mükafatı karyerası ərzində səkkiz dəfə qazanaraq rekord müəyyənləşdirib. O, sonuncu dəfə 2023-cü ildə ilin ən yaxşı futbolçusu seçilib.









