Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tribuna.az Yeniavaz.com-a istinadən bildirir ki, dəyəri 14 min 819 manat 21 qəpik olan tender müsabiqəsinin qalibi “Son Söz Holding” MMC (VÖEN – 1009708301) olub.
“Son Söz Holding” MMC Agentliyin sifarişi ilə bu quruma dəftərxana malları satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Son Söz Holding” MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Binəqədi ŞTQ, Süleyman Sani Axundov, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Mirzəyev İlqar Rəşid oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Son Söz Holding” MMC tender müsabiqəsinin başlamasından cəmi 1 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Tender müsabiqəsi 2026-cı ilin 9 sentyabr tarixində başlayıb, tenderin qalibi olan “Son Söz Holding” MMC isə 2026-cı ilin 3 avqust tarixində dövlət qeydiyyatına alınıb.
Məlumat üçün onu da bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində təchizatçılara dair tələblər yer alıb. Həmin maddənin 23.4.1-ci bəndində açıq şəkildə qeyd olunur ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlıq və təcrübə olmalıdır. Cəmi 1 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəsi, hətta sosial şəbəkə hesabı belə olmayan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu aydın deyil.









